MSK sədri: "Türkiyədə növbədənkənar seçkinin tarixi dəqiqləşməyib" - YENİLƏNİB

MSK sədri: "Türkiyədə növbədənkənar seçkinin tarixi dəqiqləşməyib" - YENİLƏNİB Sadi Güvən: "Qərar qəbul edilərsə, 60 gün ərzində bu siyasi kampaniyanı keçirmək mümkündür"
Region
20 Avqust , 2015 17:47
MSK sədri: Türkiyədə növbədənkənar seçkinin tarixi dəqiqləşməyib - YENİLƏNİB

Bakı. 20 avqust. REPORT.AZ/ "Seçki keçirilməsi haqda qərar qəbul edilmədən onun tarixi müəyyənləşə bilməz. Yəni noyabrın 1-də seçkinin keçirilməsi haqda MSK-nın qərar qəbul etməsindən söz gedə bilməz".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sadi Güvən bildirib.

O, seçkinin nə zaman keçirilməsi haqda qərar vermədiklərini söyləyib: "İyunun 7-də keçirilən parlament seçkilərindən sonra ehtimal olunan siyasi kampaniya ilə bağlı hazırlığa başlamışıq.

Qeyri-rəsmi olaraq həftə sonuna, avqustun 23-dək seçki tarixi ilə bağlı siyasi partiyalara mövqelərini göndərmələrini istədim. Bunu rəsmi olaraq göndərməzdim, bu, etik baxımdan da doğru olmazdı. Çünki siyasi partiyaların koalisiya hökuməti qurmaq üçün vaxtı var. Seçkinin keçirilməsi ilə bağlı qərar qəbul edilmədən bunu mənim müəyyən etməyim də mümkün deyil. MSK 90 günlük müddəti qısalda bilər. Bununla bağlı qərarı MSK qəbul edəcək. Ancaq indi belə bir qərar yoxdur .

Seçkinin keçirilməsi tarix təyin edildikdən sonra bir həftə ərzində bülleten və başqa ləvazimatları hazırlamaq, təqvim gününü müəyyənləşdirmək həqiqətən mümkün deyil. Buna görə də seçkinin keçirilməsi vaxtından bir ay öncədən bu istiqamətdə hazırlıq işləri görməyə başlamışıq. Vaxt azaldığından komissiyada təmsilçiləri olan siyasi təşkilatlara seçki tarixini ehtiva edən bir neçə təqvim layihəsini göndərdim".

S.Güvən seçkini 60 gün ərzində keçirə biləcəklərini də deyib: "Seçkinin tarixi ilə bağlı qərar qəbul edilərsə, 60 gün ərzində bu siyasi kampaniyanı keçirmək mümkündür. Türkiyə vətəndaşlarının səs verəcəyi bəzi ölkələrdən qutuların qurulması üçün icazə ala bilərik. Onlar bir az erkən icazə almağımızı istəyirlər. İzn verəcəkləri təqdirdə həmin ölkələrdə qutularımızı quracağıq. Xarici İşlər Nazirliyi bu istiqamətdə vasitəçilik edəcək. Xaricdə keçirilən səsvermə üçün təqvim layihəsini müəyyənləşdirdik. Bununla bağlı komissiyada nümayəndəsi olan Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyasının rəyi ilə tarixi təyin edəcəyik ".

Qeyd edək ki, bu gün Türkiyənin "Hürriyyət" qəzeti ölkə MSK-sındakı mənbələrinə istinadən noyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumat yayıb.

*** 12:29

Türkiyədə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.  

"Report" xəbər verir ki, bu haqda Türkiyənin "Hürriyyət" qəzeti ölkənin Mərkəzi Seçki Komissiyasındakı (MSK) mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, "Seçki haqqında" qanuna əsasən, parlament hökumət qura bilməzsə, bu müddət başa çatandan 90 gün sonra növbədənkənar seçki keçirilməlidir. Bununla belə, həmin müddətin MSK tərəfindən azaldılması da nəzərdə tutulub. Məlumata görə, həmin müddət 30 gün azaldılıb.

Xəbərdə bildirilib ki, MSK-nın bu qərarı qətidir, etiraz etmək mümkün deyil, eləcə də Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Xalqların Demokratik Partiyasının da bu tarixlə bağlı rəyləri nəzərə alınıb.

Məlumata əsasən, növbədənkənar seçkilərin noyabrın 1-də keçirilməsi üçün təqvim artıq hazırdır və bu siyasi kampaniya ilə bağlı bütün fəaliyyət həmin tarix üzrə həyata keçirilir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi seçkinin hansı tarixdə keçirilməsi haqda qərar verməlidir. 

Qeyd edək ki, AKP 2002-ci ildən başlayaraq keçirilən bütün parlament seçkilərində qalib gəlib və təkbaşına hökumət qurub. İyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır.

İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Ə.Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı mandatı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verib.

Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır. 

Son xəbərlər

Orphus sistemi