Türkiyə prezidenti: "Suriyanın şimalında və ölkəmizin cənubunda yeni dövlətin qurulmasına icazə verməyəcəyik"

Türkiyə prezidenti: "Suriyanın şimalında və ölkəmizin cənubunda yeni dövlətin qurulmasına icazə verməyəcəyik" Rəcəb Tayyib Ərdoğan: "Nəyin bahasına olursa-olsun bu məsələdə mübarizəmizi davam etdirəcəyik"
Region
27 İyun , 2015 10:36
Türkiyə prezidenti: Suriyanın şimalında və ölkəmizin cənubunda yeni dövlətin qurulmasına icazə verməyəcəyik

Bakı. 27 iyun. REPORT.AZ/ "Buradan bütün dünyaya səslənirəm: Suriyanın şimalında və ölkəmizin cənubunda yeni bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bunu hamının bilməsni istəyirəm. Nəyin bahasına olursa-olsun bu məsələdə mübarizəmizi davam etdirəcəyik. Bölgədəki terrorçu qrupların haradan dəstəkləndiyini biz də bilirik".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Haliç konfrans Mərkəzində verilən iftar zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, inkişaf etmiş dövlətlərin bu məsələyə daha həssas yanaşma göstərmələrini istəyir: "Suriyaya silah, bomba göndərənlərin bu fağır-füqəraya zərrə qədər dəstəyi varmı?! Bu yetimlərə, sağırlara zərrə qədər faydası varmı?! Əlbəttə ki, yox! Ancaq bunu da unutmayın ki, "Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə" deyiblər. Zülmlə abadlıq olmaz. Bütün bunların əvəzi gec-tez ödəniləcək".

Tükiyə prezidenti terrorçu qrupları dəstəkləyənlərdən danışarkən vurğulayıb ki, İŞİD, Bəşşar Əsəd və separatçı terrorçular eyni ideyanı, xətti yürüdürlər: "Bir yandan terrora dəstək verirlər, o biri yandan isə 2 milyon insanın yükünü çiynimizə yükləyirlər. Sonra da "Sərhədlərinizə nəzarət edə bilmirsiz" deyirlər. Öz dövlətlərindən terrorçuların çıxışının qarşısını ala bilməyib, bu məsələnin bizim sərhədlərimizdə həll edilməsini gözləmək səmimi bir yanaşma deyil. Bölgədə yaşanan insan faciəsindən həm separatçıların, həm də beynəlxalq güclərin Türkiyəni bir küncə sıxışdırmaq üçün istifadə etməsini qəti şəkildə qınayıram. Etnik məsələlərdən istifadə edib, oyun oynanılır. Bu zaman Türkiyəni kənarda qoyub, bölgədə etibarlı və firavan bir quruluş qurulması mümkün deyil. Açıq söyləyirəm. Belə bir vəziyyətdə bölgədə istənilən növ ticarət fəaliyyəti ilə məşğul olmaqdan söz gedə bilməz. Biz bölgədəki demoqrafik vəziyyətin dəyişdirilməsinə göz yummayacağıq".

Son xəbərlər

Orphus sistemi