​Türkiyə prezidenti: "Sərhədləri bağlamaq, qaçqınları ölümlə üz-üzə qoymaq problemin həlli yolu deyil"

​Türkiyə prezidenti: "Sərhədləri bağlamaq, qaçqınları ölümlə üz-üzə qoymaq problemin həlli yolu deyil" Rəcəb Tayyib Ərdoğan: "Avrasiyanın iki qədim mədəniyyətinin təmsilçiləri olaraq gələcək davranışımız bütün dünyanın xeyrinə olacaq"
Region
23 Sentyabr , 2015 15:22
​Türkiyə prezidenti: Sərhədləri bağlamaq, qaçqınları ölümlə üz-üzə qoymaq problemin həlli yolu deyil

Bakı. 23 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Moskvada "Cümə" məscidinin açılış mərasimində iştirak edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə prezidentini Rusiyaya səfərdə enerji və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun, xarici işlər naziri Feridun Sinirlioğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi müşayiət edib.

R.T.Ərdoğan mərasimdəki çıxışında iki ölkə arasında qədim tarixi bağların olduğunu söyləyib: "Fərqli etnik qrupdan olan insanların bir yerdə yaşamasına Rusiya çox gözəl bir nümunədir. Biz bu gözəl mənzərə qarşısında məmnun olduğumuz halda, təəssüf ki, dünyanın ayrı-ayrı yerlərində bunun belə olmadığını görürük. İsrailin Məscidül-Əqsada fələstinlilərə qarşı etdiyi ayrı-seçkilik problemləri artırır".

Türkiyə prezidenti Yəmən və Suriyadan olan qaçqınların Avropa ölkələrinə sığınmaq istəyərkən üzləşdikləri problemlərə də toxunub: "Biz Türkiyəyə gələn 2 milyon suriyalı və iraqlı qaçqını qəbul etdik. 4 ildir həmin insanlar üçün ölkəmizdə əlimizdən gələni edirik.

Sərhədləri bağlamaq problemin həlli deyil. Qaçqınların problemini onları sərhəddə saxlamaq və ya dənizlərdə ölümlə üz-üzə qoymaqla həll edilməz. Problemin həlli onlara yaxşılıq etməkdən keçir.

Mən Avropa ölkələri başda olmaqla bütün dünyaya böyük rus ədibi Lev Tolstoyun bu cümləsini çatdırmaq istəyirəm: "Həyatda ən önəmli məşğuliyyət yaxşılıqdır. Tolstoy başqa bir hekayəsində deyir ki, pis niyyətlə qalanan tonqal o evlə birlikdə bütün kəndi yandıracaq. Dünyada baş verən hadisələri də bu baxımdan dəyərləndirməliyik. Yaranmış vəziyyəti yaxşılıq, vicdan və ədalətlə həll etməliyik".

O deyib ki, Türkiyə tarix boyu fərqli inanclı insanların bir yerdə dözümlülük şəraitində yaşadığı ölkə olub: "İstanbul başda olmaqla, bir çox şəhərlərimizdə məscidləri və sinaqoqları bir yerdə görmək olar. Türkiyə ilə Rusiyanın bir yerdə yaşaması tariximizin ən əhəmiyyətli ortaqlığıdır. Moskvadakı "Cümə" məscidi bunun ən bariz nümunələrindəndir. İstanbul və Antalya başda olmaqla, Türkiyədə yaşayan minlərlə Rusiya vətəndaşını öz vətəndaşlarımızdan ayrı tutmuruq. Biz onları qonaq etməkdən qürur duyuruq. Moskva və Rusiyada yaşayan türklərin də eyni hissi paylaşdıqlarına əminəm. Avrasiyanın iki qədim mədəniyyətinin təmsilçiləri olaraq bizim gələcək davranışımız bütün dünyanın xeyrinə olacaq".

R.T.Ərdoğan çıxışının sonunda Rusiya prezidenti Vladimir Putinə təşəkkür edərək müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. 

Son xəbərlər

Orphus sistemi