​Tacikistanda qanunsuz silahlı birləşmələrin ləğv olunması əməliyyatları davam edir

​Tacikistanda qanunsuz silahlı birləşmələrin ləğv olunması əməliyyatları davam edir Silahlı çevirilişə cəhdə ittiham olunaraq tutulan müdafiə nazrinin keçmiş müavini ittihamlarla razılaşmır
Region
7 Sentyabr , 2015 14:14
​Tacikistanda qanunsuz silahlı birləşmələrin ləğv olunması əməliyyatları davam edir

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Tacikistanın Düşənbə və Vəhdət şəhərlərində milisə qarşı silahlı hücumların arxasında hakimiyyət dayanır".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tacikistan müdafiə nazirinin keçmiş müavini general Abdulahim Nazarzodanın adından onun nümayəndəsi "facebook" səhifəsində yazıb.

Xəbərə görə, o, adıçəkilən şəhərlərdə polis şöbəsinə silahlı basqını təşkil etməkdə günahlandırılır. Hücum nəticəsində 8 polis əməkdaşının öldüyü haqda məlumat yayılmışdı.

Keçmiş nazir müavini bildirib ki, hakimiyyətin Daxili İşlər Nazirliyi əməkdaşlarına  və hərbçilərə basqını təşkil etməkdə məqsədi Tacikistan Birləşmiş Müxalifətinin keçmiş döyüş komandirlərini ittiham etməkdir. O, bu basqında iştirak etmədiyini bəyan edib.

Rəsmi məlumatda bildirilib: "Nazarzodanın 13 silahlısı öldürülüb, 32 adamı isə həbs edilib". Saxlanılan şəxslərə qarşı terrorçuluq maddələri ilə cinayət işi açılıb.

Ümumiyyətlə, silahlı qarşıdurma nəticəsində ölən və yaralananların sayı haqda müxtəlif məlumatlar yayılıb. Başqa bir xəbərə görə, atışma nəticəsində 33 nəfər ölüb, onların 25-i Silahlı Qüvvələrin əsgəridir.

Taciksitan prezidenti İmomali Rahmon deyib ki, silahlı qruplaşmanın aşakarlanması və zərərsizləşdirilməsi üçün güc strukturlarının keçirdiyi xüsusi əməliyyat yaxın zamanda başa çatacaq. Daxili İşlər Nazirliyi isə generalın başçılıq etdiyi "terrorçu qrupa" məxsus çox sayda silah-sursat və nəqliyyat vasitələrinin müsadirə edildiyini açıqlayıb.

Rəsmi mənbələrin məlumatına əsasən, Müdafiə Nazirliyi və DİN-in yüksək rütbəli bir neçə əməkdaşı işdən azad olunaraq, məsuliyyətə cəlb edilib.

Hadisə baş verən bölgədə cib telefonları vasitəsi ilə "SMS" göndərilməsində problem yaranıb.

Xatırladaq ki, oxşar hadisə 2012-ci ildə Dağlıq Bədəxşan vilayətinin mərkəzində Dövlət Təhlükəsizlik Komitəsinin yerli rəisi qətlə yetirilərkən də təkrarlanmışdı. O zaman "SMS" xidməti bir həftədən artıq bağlanmşdı.

Qeyd edək ki, sentyabrın 4-də səhər saatlarında Tacikistanın Vəhdət şəhəri Daxili İşlər İdarəsinin binasına silahlı basqın olunub. Tacikistanın Daxili İşlər Nazirliyinin rəsmi saytında bildirilmişdi ki, hücum Ziyevuddin Abdullayev adlı şəxsin başçılıq etdiyi qrup tərəfindən törədilib. Hücum zamanı onun zərərsizləşdirildiyi, qrupun qalan üzvlərinin isə yaralandığı vurğulanmışdı.

Hücumdan sonra ABŞ-ın Düşənbədəki səfirliyi bağlanmış və Dövlət Departamenti ölkə vətəndaşlarını Tacikistana səfər zamanı ehtiyatlı olmağa çağırmışdı. 

Ötən həftə prezidentin fərmanı ilə vəzifəsindən azad edilən Nazarzodanın döyüşdən sonra bir qrup silahlı ilə paytaxt Düşənbədən 50 kilometr uzaqlıqda yerləşən Romit dərəsinə doğru çəkildiyi haqda xəbər yayılmışdı.

General Nazarzoda 1990-cı illərdə hökumət qüvvələrinə qarşı vuruşan Tacikistanın Birləşmiş Müxalifətinin üzvü olub. O, 1997-ci ildə hökumətlə müxalifət arasında əldə olunan razılaşma əsasında yaradılmış barışıq hökumətində müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi