Rusiya prezidenti: "Biz İranla ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindəyik"

Rusiya prezidenti: "Biz İranla ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindəyik" "Rusiya İrana 2,2 milyard avro məbləğində kredit verəcək”
Region
5 Avqust , 2016 12:46
Rusiya prezidenti: Biz İranla ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindəyik

Bakı. 5 avqust. REPORT.AZ/ “İran Rusiyanın çoxdankı tərəfdaşıdır. İnanırıq ki, İranın nüvə proqramına dair hərtərəfli sazişdən sonra İran ətrafında gərginliyin azalması ikitərəfli əlaqələrin xeyrinə olacaq”.

"Report"un məlumatına görə, bu fikirləri Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) müsahibəsində deyib.

“Biz ilk növbədə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsini davam etdirmək niyyətindəyik. Keçən il noyabrın 23-də Tehrana səfərin və İranın Ali Rəhbəri Əli Xamneyi, həmçinin İran Prezidenti Həsən Ruhani ilə danışıqların gedişində əmin oldum ki, İran rəhbərliyi həqiqətən bu yanaşmaya şərikdir. Məsələn, birgə səylərlə qarşılıqlı ticarətin həcmini artırmağa müvəffəq olduq. Cari ilin ilk beş ayının yekunlarına görə ticarətin həcmi 70 faiz artaraq təqribən 855 milyon dollar təşkil edib”, - deyə o bildirib.

V.Putin vurğulayıb ki, Rusiya-İran əməkdaşlığı artıq indinin özündə bir sıra istiqamətlərdə strateji xarakter daşıyır: “Bu, ilk növbədə “dinc atom” sahəsində birgə işə aiddir. İranda Rusiya texnologiyaları əsasında birinci “Buşəhr” Atom Elektrik Stansiyası inşa edilib. İranda rusiyalı mütəxəssislər tərəfindən daha səkkiz atom enerji blokunun tikilməsi üzrə planlar razılaşdırılıb. İranın nüvə proqramı üzrə fəaliyyət planının yerinə yetirilməsində, o cümlədən saflaşdırılmış uranın emalında və istehsal güclərinin profilinin dəyişdirilərək sabit izotopların istehsalına yönəldilməsində bundan sonra da iranlı tərəfdaşlara kömək edəcəyik. Neft-qaz, aviakosmik və elektroenergetika sahələrində irimiqyaslı birgə layihələr işlənib hazırlanır. Məsələn, Rusiya Fars körfəzi sahilində, Bəndər-Abbas şəhəri yaxınlığında istilik elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi və İranın şimal-şərqində Qarmsar-İncəburun dəmir yolu sahəsinin elektrikləşdirilməsi üçün İrana 2,2 milyard avro məbləğində iki dövlət krediti vermək niyyətindədir”.

“Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət zonasının yaradılması Rusiya-İran ticarət və investisiya əlaqələrinə güclü təkan verə bilər. Mümkün sazişin parametrlərini ətraflı öyrənən birgə tədqiqat qrupu artıq işə başlayıb. Biz regional məsələlərdə də Tehranla qarşılıqlı tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsində maraqlıyıq. Bunu Mərkəzi Asiyadan və Xəzər zonasından tutmuş Yaxın Şərqə qədər geniş ərazidə sabitliyin və təhlükəsizliyin qorunmasının mühüm amili hesab edirik. İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq səylərini bundan sonra da dəstəkləyəcəyik”, - deyə Rusiya prezidenti söyləyib.

Son xəbərlər

Orphus sistemi