​Rusiya Ermənistan ilə nüvə təhlükəsizliyi üzrə saziş layihəsini təsdiq edib

​Rusiya Ermənistan ilə nüvə təhlükəsizliyi üzrə saziş layihəsini təsdiq edib Layihə nüvə və radiasiya təhlükəsizliyi sahəsində informasiya mübadiləsi və nüvə qəzası barədə operativ məlumatlandırmanı nəzərdə tutur
Region
7 İyul , 2015 08:10
​Rusiya Ermənistan ilə nüvə təhlükəsizliyi üzrə saziş layihəsini təsdiq edib

Bakı. 7 İyul. REPORT.AZ/ Rusiya Federasiyasının Nazirlər Kabineti Ermənistan ilə nüvə və radiasiya təhlükəsizliyi sahəsində informasiya mübadiləsi və nüvə qəzası barədə operativ məlumatlandırma haqqında hökumətlərarası saziş layihəsini təsdiq edib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı Rusiyanın rəsmi hüquqi informasiya internet portalında dərc olunub.

Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən təqdim olunan hökumətlərarası saziş layihəsi Xarici İşlər Nazirliyi (XİN) və digər maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılıb, həmçinin erməni tərəfi ilə əvvəlcədən işlənib.

Hökumətin sərəncamı ilə "Rosatom"a XİN ilə birgə erməni tərəfi ilə danışıqlar aparmaq və razılıq əldə olunduqdan sonra Rusiya hökuməti adından saziş imzalamaq tapşırığı verilib.

Hazırda regionda yeganə atom elektrik stansiyası (AES) Ermənistanda fəaliyyət göstərir. Obyekt Metsamor şəhəri yaxınlığında (İrəvandan təqribən 30 km cənubda) yerləşir. AES 1980-ci ildə işə salınıb və 1988-ci ilin dekabrında 25 min nəfərin ölümü ilə nəticələnən Spitak zəlzələsindən sonra 1989-cu ilin martında dayandırılıb. AES 1995-ci ilin noyabrında respublikada yaranan kəskin enerji böhranı səbəbindən təkrar olaraq işə salınıb.

Ermənistan tərəfi AES-in dünyanın ən təhlükəsiz obyekti olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışır.

Lakin, bu yaxınlarda "National Geographic" jurnalı stansiyanın işi və onun təhlükəsizlik məsələlərinə həsr olunmuş "Dünyanın ən təhlükəsiz stansiyası Metsamor AES-idirmi?" başlıqlı məqalə dərc edib. Məqalənin ilk cümləsi Ermənistan tərəfinin uydurduğu bütün arqumentləri təkzib edir və onların hamısını tamamilə əsassız edir.

"Dizaynın pis uyğunlaşdırılması, yerləşmə və istismar dövrü Metsamor AES-sini dünyanın ən təhlükəli atom qurğularından biri edir", - deyə məqalədə bildirilir.

Son xəbərlər

Orphus sistemi