Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktında əli olan qüvvələrin adlarını açıqlayıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, R.T.Ərdoğan "HAK-İŞ"in 13-cü qurultayı və təşkilatın qurulmasının 40-cı ildönümü ilə bağlı tədbirdəki çıxışında deyib ki, Ankaradakı terrorda İŞİD-in, PKK-nın, "əl-Muhaberat"ın (Bəşşar Əsədə bağlı Suriya Milli Təhlükəsizlik Nazirliyi - "Report"), Suriyanın şimalındakı "PYD"nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") də əli var: "Hamısı birlikdə ortaq olaraq bu terroru planlaşdırıblar. 102 nəfərin həyatını itirdiyi qanlı hadisə kollektiv surətdə törədilib".
Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryolu stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 102 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.