​Qazaxıstan Xəzərin bioresurslarından istifadə haqqında sazişi təsdiq edib

​Qazaxıstan Xəzərin bioresurslarından istifadə haqqında sazişi təsdiq edib Saziş Xəzəryanı dövlətlərin hökumətləri arasında imzalanıb
Region
18 İyul , 2015 02:25
​Qazaxıstan Xəzərin bioresurslarından istifadə haqqında sazişi təsdiq edib

Bakı. 18 İyul. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər dənizinin su bioloji ehtiyatlarının qorunması və səmərəli istifadəsi barədə sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Saziş Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri arasında 29 sentyabr 2014-cü il tarixində Həştərxanda imzalanıb.

Sənədə əsasən, ölkələr dənizin su bioloji resursları - nərə cinsli balıqlar, kilkə balığı, suiti, həmçinin, əlavə olaraq bu siyahıya daxil edilən balıq növlərinin qorunub saxlanılması və onlardan səmərəli istifadə üçün birgə komissiya yaradacaqlar.

Nərəkimilərin kommersiya məqsədi ilə ovlanması komissiyanın hər bir dövlətin ənənəvi ov üsulunu nəzərə alaraq müəyyən etdiyi yerlərdə həyata keçiriləcək.

Sazişə görə, əgər ölkələrdən biri ümumi icazə verilən balıq ovunda öz kvotasını tam mənimsəyə bilmirsə, onun, yerdə qalan kvotasını digər dörd dövlətə təqdim etmək hüququ var.

Sənəddə, həmçinin göstərilir ki, sənaye balıqçılığı zamanı təsadüfən tora düşən nərəkimilərin sayı bu faktların mütləq qeydiyyata alınması ilə minimuma endirilməlidir.

Bu tip balıqların ovlanması qadağandır, onları dərhal təbii yaşama mühitinə qaytarmaq lazımdır. Elmi tədqiqatlar, həmçinin süni bərpa zamanı balıqların ovlanması istisna təşkil edir.

Son xəbərlər

Orphus sistemi