Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Minskdə Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildonümünə həsr olunan Beynəlxalq "Yaddaş estafeti" başlanır. "Report" Rusiya Federal Məclisi Federasiya Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, MDB ölkələrindən deputatların iştirak edəcəyi aksiya Federasiya Şurasının sədri, MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının sədri Valentina Matviyenkonun hamiliyi altında keçirilir.
"Yaddaş estafeti" zamanı Parlamentlərarası Assambleyanın nümayəndə heyəti bu layihə çərçivəsində MDB ölkələri paytaxtlarına səfər edəcək və Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılan memorialları ziyarət edəcəklər. Milli parlamentlərin sədrləri ilə birgə nümayəndə heyətinin üzvləri veteranlar və gənclər ilə görüşəcək, qələbənin ildönümünə həsr olunan müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Belarusun paytaxtından sonra "Yaddaş estafeti" Bakı, Kişinyov, İrəvan, Bişkek, Düşənbə, Moskva və Astanada baş tutacaq. Bu şəhərlərdən Əbədi məşəl alovu Sankt-Peterburqa aparılacaq. Aprel ayında MDB PAA qərargahının yanında təntənəli mərasim keçiriləcək. Mərasim çərçivəsində MDB Parlamentlərarası Assambleyanın iştirakçı ölkələrinin nümayəndələri alov hissəciklərini Birliyin həmrəylik rəmzi olan ümumi alova birləşdirəcəklər.