Bakı. 12 iyul. REPORT.AZ/ Moskvanın şimal-şərqində yerləşən "Yardam" məscidinin imamı Mahmud Velitov terror fəaliyyətində şübhəli bilinərək saxlanılıb.
"Report" İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib.
M.Velitova RF Cinayət məcəlləsinin 205.2-ci (terror fəaliyyətinin həyata keçirilməsi üçün ictimai çağırışlar və ya terrorizmə ictimai şəkildə haqq qazandırma) maddəsi ilə ittiham irəli sürüləcək. Bu halda onu iki ildən beş ilə qədər həbs cəzası gözləyir.
Rusiya KİV-inin məlumatına görə, M.Velitovun yaşadığı yer, "Yardam" məscidi də daxil olmaqla, bir neçə ünvanda axtarışlar aparılıb. Axtarışlar zamanı dini ədəbiyyat, elektron informasiya daşıyıcıları, maliyyə sənədləri aşkarlanaraq götürülüb.