​Moskva "Cümə" məscidinin təntənəli açılış mərasimi keçirilib - FOTO

​Moskva "Cümə" məscidinin təntənəli açılış mərasimi keçirilib - FOTO Açılış mərasimində Rusiya və Türkiyə prezidentləri iştirak edib
Region
23 Sentyabr , 2015 14:19
​Moskva Cümə məscidinin təntənəli açılış mərasimi keçirilib - FOTO

Moskva. 23 sentyabr. REPORT.AZ/. Müsəlmanların müqəddəs bayramı olan Qurban Bayramı ərəfəsində Moskva "Cümə" məscidinin təntənəli açılış mərasimi keçirilib. "Report" xəbər verir ki, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb.

Açılış mərasimi Qurani-Kərimdən surələrin oxunması ilə başladı.

Sonra Rusiya müftilər Şurasının sədri Ravil Qaynutdin açılış mərasimində iştirak edənlərə müraciət edib.

Moskva "Cümə" məscidinin bu il 111 yaşı tamam olur. Məscidin möhtəşəm yenidənqurma layihəsinə 10 il sərf olunub.

Altı mərtəbəli məscid bura gələn bütün insanlar, o cümlədən əlillər üçün zəruri olan hər şeyi nəzərə alınmaqla inşa olunub. Günbəzin hündürlüyü 46 metr, diametri isə 27 metrdir. Məsciddə eyni zamanda 10 minə qədər insan dua edə bilər.

Məscid yenidənqurmadan əvvəl 970 kv. metr ərazdə yerləşirdi. Yeni məscidin ümumi ərazisi 18 900 kv. metr təşkil edir və burada namaz qılmaq üçün üç mərtəbə var. Bina həmçinin hava təmizləyici sistemi və digər müasir avadanlıqla təchiz olunub.

Məlumata görə, məscidin tikintisinə 170 mln. dollar vəsait xərclənib. Onu da qeyd edək ki, bütün bu xərclər federal büdcədən maliyyələşməyib və bura gələn müsəlmanların ianələri hesabına həyata keçirilib. Belə ki, giriş qapısı, vitraj pəncərələr, çilçıraqlar, mərmər elementlər, canamazlar Türkiyə tərəfindən hədiyyə edilib, Fələstin Dövlət Başçısı Mahmud Abbas 25 min dollar vəsaiti məscidin tikintisinə şəxsən verib.

Xatırladaq ki, Rusiyada 20 milyondan artıq insan islam dininə etiqad edir. Moskvada azı 2 milyon müsəlman yaşayır.

Son xəbərlər

Orphus sistemi