İstanbulda XXVI Ümumdünya Poçt Konqresi işə başlayıb - FOTO

İstanbulda XXVI Ümumdünya Poçt Konqresi işə başlayıb - FOTO Azərbaycanı beynəlxaq konqresdə "Azərpoçt" MMC təmsil edir
Region
20 Sentyabr , 2016 18:00
İstanbulda XXVI Ümumdünya Poçt Konqresi işə başlayıb - FOTO

İstanbul. 20 sentyabr. REPORT.AZ/ İstanbulda XXVI Ümumdünya Poçt Konqresi (Unversal Postal Congress) işə başlayıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirə 192 ölkədən 2 500 nümayəndə qatılıb. Azərbaycanı beynəlxaq konqresdə "Azərpoçt" MMC təmsil edir.

Tədbirdə əvvəlcə Türkiyədə iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alnması zamanı şəhid olan ölkə vətəndaşlarının xatirəsi birdəqiqəlik sükutla anılıb.

Sonra Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edərək, builki konqresdə bir yeniliyə imza atıldığını bildirib: "Belə ki, tədbir zamanı istifadə edilən bütün materiallar elektron versiyada iştirakçılara paylanacaq. Ötən illərdə tədbir üçün 4 min ton kağız istifadə olunub. Dünyada milyonlarla insan indi uzaqlaşmaq əvəzinə daha da yaxınlaşmağa qərar verərək əməkdaşlıq edir. Çünki poçt qlobal əhəmiyyət daşıyır. Yüzilliklər öncə insanların quşlarla göndərdiyi məktublar, teleqraflardan bu günə qədər uzun bir yol keçib və çox yüksək naliyyətlər əldə edib”.

Baş nazir hazırda Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) ən çox vergi ödəyən yüz şirkətdən biri olduğunu deyib: “Biz təcrübələrimizdən hər kəsin faydalanmasını istəyirik. Ona görə də Ümumdünya Poçt İttifaqının bu gün dünya ölkələrini Türkiyəyə toplaması çox vacib idi. Biz Ümumdünya Poçt İttifaqının qurucularındanıq. Dünyanı Türkiyə ilə həmrəy olmaya səsləyirik”.

B.Yıldırım iyulun 15-də Türkiyədə baş verənləri də xatırladaraq, heç bir təhdidlərin türk toplumunu zəiflədə bilməyəcəyini vurğulayıb: “Həmin hadisələri bəhanə gətirərək təhlükəsilik baxımından bu tədbirin başqa bir ölkədə keçirilməsinə səy göstərdilər. Ancaq buna nail ola bilmədilər. Terrordan qorxmaq lazım deyil. Hazırda dünyanın heç bir ölkəsi təhlükəsiz deyil. Dünyada 6 milyondan çox məcburi köçkün var. Suriyanın milyonlarla vətəndaşı küçələrdədir, onlardan 3 milyonuna sahib çıxdıq. Çörəyimizi, suyumuzu paylaşdıq. Ümid edirəm ki, BMT bir gün öz quruluş məqsədinə xidmət edəcək və bu problemlər qismən aradan qaldırılacaq”. 

Konqres oktaybrın 4-dək davam edəcək.

Vüsalə Abbasova, “Report”

Son xəbərlər

Orphus sistemi