Bakı.15 yanvar. REPORT.AZ/ İstanbulda Sultanəhməd meydanında terror aktı törədən Suriya vətəndaşı Nabil Fadli ilə Türkiyədə bir yerdə qalan 4 nəfərdən üçü Bəşşar Əsəd rejiminin "əl-Muhaberat" kəşfiyyat qurumunun casusları olub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İstanbulun Təhlükəsizlik İdarəsinin Terrorçuluğa Qarşı Mübarizə Şöbəsindən bildiriblər.
Məlumata görə, N.Fadli Türkiyə ərazisinə daxil olaraq qaçqın kimi qeydiyyatdan keçib. O, terrordan öncə Suriyanın Hələb əyalətinin Münbiç rayonundakı məhəllələrdən birində yaşayıb.
Polis bildirib ki, N.Fadli və dəstə üzvləri 2012-ci ildə 6 ay Suriya Azadlıq Ordusunun "Əbu Bəkr as-Sadiq" taborunun tərkibində döyüşüblər, bir az sonra "Ahrar əş-Şam" hərəkatına, 2014-cü ildə isə İŞİD-ə qoşulublar.
Xəbərə əsasən, N.Fadli ötən ilin dekabrında Türkiyənin Şanlıurfa əyalətinə keçib. Oradan Ankaraya gedərək, 4 gün mehmanxanada qalıb. Hoteldən çıxdıqdan sonra mehmanxana kameralarının qeyd aldığı görüntüləri silinib.
Məlumata görə, Sultanəhməd meydanında törədilən partlayışdan sonra keçirilən antiterror əməliyyatı nəticəsində 7 nəfər tutulub. Onlardan 4-ü Nabil Fadli ilə bir yerdə qalıb. Bu 4 nəfərdən 3-ü Bəşşar Əsədin "əl-Mühaberat" kəşfiyyatının casusu olub. Təhlükəsizlik qüvvələri bildirib ki, Türkiyəyə girərkən, barmaq izləri götürülən və sonradan saxlanılan 4 şübhəlinin ikisi özünü partlatmalı imiş.
Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanəhməd meydanında törədilən terror nəticəsində 11 nəfər ölüb, 14 nəfər isə yaralanıb.