İran şahlarının dünyaca məşhur yay sarayından - REPORTAJ

İran şahlarının dünyaca məşhur yay sarayından - REPORTAJ Burada hər şey toxunulmaz, olduğu kimi saxlanılıb
Region
15 Aprel , 2015 10:27
İran şahlarının dünyaca məşhur yay sarayından - REPORTAJ

İran, Ramsər.14 aprel. REPORT. AZ/ İran İslam Respublikasını kontrastlar ölkəsi adlandırsaq yanılmarıq. Ölkənin şimalı yaşıllıq cənubi isə səhralardan ibarətdir. Eyni sözləri tarixi abidələrin yerləşməsinə də aid etmək olar. Bu sarıdan İranın Mazandaran vilayətinin Ramsər şəhəri barədə demək olar.

Bir çoxları üçün Ramsər şəhəri heç də tanış olmaya bilər. Lakin İranda bu kifayət qədər məşhur və turistlər arasında populyar şəhərdir. Ramsər şəhəri coğrafi baxımdan turizm cəhətdən çox əlverişli məkanda yerləşir. Belə ki, şəhər bir tərəfdən dəniz, digər tərəfdən isə dağ və meşə ilə əhatə olunub. Gözəl təbiəti və mənzərəsinə görə Ramsər İranın "gəlin şəhəri" adlandırılır. Şəhərə gələn turistlərə daha yaxşı xidmət göstərmək üçün burada 22 hotel, 100 qonaq evi və 29 turizm gəzinti mərkəzi var. Bu şəhərdə təkcə dəniz turizmi deyil, ekoturizm, dağ turizmi, sağlamlıq turizmi və ekstremal turizm üçün şərait yaradılıb.

Digər özəlliyi isə buradakı tarixi yerlərlə bağlıdır. Ən məşhur tarixi abidələrdən biri İran şahı Rza Pəhləvinin bu şəhərdə tikdirdiyi yay istirahət üçün Mərmər Sarayıdır. Bu saray İranın müxtəlif növ mərmərlərindən tikilib. Sarayın sahəsi 600 kv.m.-dir. Sarayı 6000 kv.m. ərazisi olan bağ əhatə edir. Bağda müxtəlif növ bitkilər var. Bu sarayda İran şahlarının istirahət otaqları ilə yanaşı konfrans və qəbul otaqları da var. 1937-ci ildə tikilən saray, 1979-cu ildə baş verən İran İslam inqilabından sonra baxımsız qalıb. Lakin 2000-ci ildə saray muzey kimi fəaliyyətə başlayıb. Sarayı tikən şah Rza Pəhləvi özü burada dörd il yaşayıb. Ondan sonra Məhəmməd Rza Pəhləvi bu sarayda 37 il yaşayıb.

Ümumiyyətlə, muzeydə 500-dən artıq eksponat nümayiş etdirilir, onların böyük əksəriyyəti İran şahlarına məxsusdur. Buradakı mebellərin çoxu XVIII və XIX əsrə aiddir və Avropadan gətirilib. Qalan bir çox eksponatlar İranda hazırlanmış xalçalar və qızıl saplardan hörülmüş pərdələrdir. Bu saray təmir olunmayıb və olduğu kimi qorunub-saxlanılıb. Sarayın fəaliyyət göstərdiyi 15 il ərzində onu 3,5 mln. insan ziyarətə gəlib, onlardan 200 mindən çoxu xarici turistlərdir.

Bu saray taleyüklü hadisələrin şahidi də olub. Bunlardan biri də ekoloji və ətraf mühitin qorunması ilə bağlı keçirilən beynəlxalq konfrans olub. Konfransda yekun olaraq, 50-dən çox ölkənin iştirakı ilə göllərin mühafizəsi ilə bağlı "Beynəlxalq göllər konvensiyası" imzalanıb. Eyni zamanda, bu göllərə köç edən quşların qorunması ilə bağlı konvensiya imzalanıb. 1971-ci ildə imzalanan bu konvensiyaya sonradan 68 ölkə qoşulub. 

Bir sözlə, Ramsər kifayət qədər maraqlı, sirr dolu şəhərdir. Bura gözəl təbiət qoynunda dincəlmək istəyənlər və öz tətilini maraqlı keçirtmək arzusunda olanlar üçün ən münasib yerdir.

Son xəbərlər

Orphus sistemi