​Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədəki terroru pisləyib - FOTO

​Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədəki terroru pisləyib - FOTO Bu ölkədə yaşayan soydaşlarımız Türkiyənin Tbilisidəki səfirliyinə gələrək terror qurbanlarının xatirəsini anıblar
Region
30 İyun , 2016 18:30
​Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədəki terroru pisləyib - FOTO

Tbilisi. 30 iyun. REPORT. AZ/ Türkiyədə baş verən terror faciəsi Gürcüstanda yaşayan azərbaycanlıların narahatlığına səbəb olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımız iyunun 30-da Türkiyənin Tbilisidəki səfirliyinə gələrək terror qurbanlarının xatirəsini anıb, faciədə həlak olanların ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyiblər.

Gürcüstan-Azərbaycan Milli Konqresinin, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, Tbilisidəki ali məktəblərin tələbələri, ziyalılar səfirlikdə yaradılmış Xatirə kitabına ürək sözlərini yazıblar.

İyulun 30-da Gürcüstanın hökumət üzvləri, siyasi partiyaların rəhbərləri, diplomatik korpusun əməkdaşları da səfirliyə gələrək terror qurbanlarının xatirəsini ehtiramla yad edib, qardaş türk xalqına başsağlığı veriblər.

Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü jurnalistlərə müsahibəsində deyib: “Türkiyə dünyada terror və zorakılığa qarşı qətiyyətlə mübarizə aparan bir ölkədir. Bu cür terror aktları, cinayətlər bizi yolumuzdan döndərə bilməyəcək. Türkiyə dövləti Fransada və digər ölkələrdə baş verən terror hadisələrini qətiyyətlə pisləyib və bu müdhiş bəlaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb. Biz, bu gün dünya birliyini terrora qarşı birgə mübarizəyə səsləyirik və qüvvələrimizi səfərbər etməyə çağırırıq”.

“Dünən və bu gün yüzlərlə insanın səfirliyə gələrək bizə başsağlığı verməsi, bizə dəstək nümayiş etdirməsi, terroru pisləməsi bir daha göstərir ki, Türkiyə düzgün yoldadır. Mən qətiyyətlə deyə bilərəm ki, heç bir qüvvə bizi öz yolumuzdan döndərə bilməyəcək”- deyə, diplomat vurğulayıb.

Qeyd edək ki, iyunun 29-da gecə Türkiyədə baş verən terror hadisəsi Gürcüstan hökumətinin iyunun 30-da keçirilmiş iclasında müzakirə olunub. Baş nazir Qeorqi Kvirikaşvili terror hadisəsini qətiyyətlə pisləyib və bildirib ki, Gürcüstan hökuməti strateji tərəfdaşı olan Türkiyənin yanındadır və terrorla birgə mübarizəyə hazırdır.

Son xəbərlər

Orphus sistemi