Tbilisi. 21 oktyabr. REPORT.AZ/ Parlament seçkiləri Gürcüstan hökumətinə 44 192 988 GEL-ə, təqribən 18,8 milyon dollara başa gələcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət oktyabrın 8-də keçirilən parlament seçkiləri üçün ümumilikdə 38 136 230 GEL, təqribən 16,2 milyon dollar vəsait ayırmışdı. Bu vəsaitin böyük bir hissəsi xərclənib. Təkrar seçkilərin və səsvermənin ikinci turunun keçirilməsi üçün MSK-nın büdcəsində çox az vəsait qalıb. Ona görə də komissiya parlament seçkiləri ilə əlaqədar təkrar səsvermənin və majoritar dairələrdə seçkilərin ikinci turunun keçirilməsi üçün hökumətdən 6 056 718 GEL, təqribən 2,5 milyon dollar əlavə vəsait istəyib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından “Report”a bildiriblər ki, bu vəsait əsasən dairə və məntəqələrdə seçkilərin təşkilinə, komissiya üzvlərinin mükafatlandırılmasına, malların alınması və xidmətlərin göstərilməsinə yönəldiləcəkdir.
Qeyd edək ki, MSK oktyabrın 8-də keçirilən parlament seçkilərindən sonra bəzi dairə və məntəqələrdə seçkilərin nəticələrini ləğv edib. Nəticələri ləğv olunmuş məntəqələrdə təkrar səsvermənin və 50 majoritar dairədə səsvermənin ikinci turunun keçirilməsi barədə qərar qəbul olunub.
MSK-dan bildiriblər ki, oktyabrın 8-də keçirilmiş seçkilərdə 50 majoritar dairədə namizədlərin heç biri seçicilərin səsinin 50 faizdən çoxunu toplaya bilməyib. Ona görə də MSK oktyabrın 30-da həmin dairələrdə səsvermənin ikinci turunun keçirilməsi barədə qərar qəbul edib.
Oktyabrın 22-də isə bəzi məntəqələrdə təkrar səsvermə keçiriləcək.