Bakı. 31 mart. REPORT.AZ/ Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin uyğun dövründə Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 35,4% azalaraq 138,7 milyon dollar təşkil edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, hesabat dövründə Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 23,4% olub.
2015-cü ilin ilk iki ayında Ermənistandan Rusiyaya idxalat 533,2 min dollar təşkil edib. Rusiyadan Ermənistana ixracat 20,9% azalaraq 138,2 milyon dollar təşkil edib.
Bu ilin ilk iki ayında MDB dövlətləri ilə xarici ticarət dövriyyəsi 162,9 milyon dollar olmaqla 33,9% azalıb. Ermənistanın xarici ticarət dövriyyəsində MDB dövlətlərinin payı 27,5%-dir.
2015-ci ilin yanvar-fevral aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 592,4 milyon dollar təşkil edərək ötən ilin uyğun dövrü ilə müqayisədə 27,7% azalıb.