Ərdoğan: "FETÖ, PKK və İŞİD arasında heç bir fərq yoxdur"

Ərdoğan: "FETÖ, PKK və İŞİD arasında heç bir fərq yoxdur" Türkiyə prezidenti güman edir ki, Qaziantepdəki terror aktına görə İŞİD məsuliyyət daşıyır
Region
21 Avqust , 2016 08:36
Ərdoğan: FETÖ, PKK və İŞİD arasında heç bir fərq yoxdur

Bakı. 21 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə baş vermiş terror hadisəsi ilə bağlı yazılı açıqlama verib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, dövlət başçısı şəhərin terror təşkilatlarının hücumuna məruz qaldığını vurğulayaraq 27 vətəndaşın həlak olduğunu, 94 nəfərin isə xəsarət almasından təəssüf hissi keçirdiyini bildirib.

Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyən, həlak olanların yaxınlarına, qazianteplilərə və xalqa başsağlığı verən prezident 15 iyulda 240 vətəndaşın ölümünə səbəb olmuş FETÖ ilə, son 1 ayda Türkiyə polisinin, təhlükəsizlik qüvvələrinin 70 əməkdaşının qatili olmuş PKK və İŞİD arasında heç bir fərqin olmadığını deyib. Türkiyə prezidenti güman edir ki, Qaziantepdəki terror aktına görə İŞİD məsuliyyət daşıyır. 

"Bu terror təşkilatlarını ölkəmizə və millətimizə hücum etdirənlərə mesajımız yenə eynidir: – bacara bilməyəcəksiniz. Bu qanlı terror təşkilatlarının və arxalarındakı güclərin Türkiyədə azanları susdurmağa, bayrağı endirməyə, vətənimizi bölməyə, millətimizi parçalamağa nəfəsi və taqəti yetməyəcək" – deyə Türkiyə prezidenti bildirib.

Dövlət başçısı vurğulayıb ki, türkmənlərin, ərəblərin, kürdlərin mehriban şəraitdə yaşadıqları və ortaq ümidlərini gələcəyə bağladıqları Qaziantepdə hansı oyunların oynanmağa çalışdığı açıqca görünür. Onun sözlərinə görə, Türkiyəyə gücü çatmayanların vətəndaşları etnik və məzhəblər baxımından bir-birlərinə qarşı qoymaq ssenariləri baş tutmayacaq.

Qaziantepdə dünyasını dəyişmiş insanların hesabı sorulacaq və qanları yerdə qalmayacaq. 

Son xəbərlər

Orphus sistemi