Bakı. 7 fevral. REPORT.AZ/ İran İslam Respublikasında keçiriləcək seçkilərin beynəlxalq nəzarətə ehtiyacı yoxdur. Bunu İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədir Əlaəddin Brucerdi 3 amerikalı senatorun seçkilərə nəzarət etmək üçün İrana səfər etmək istəklərinə cavab olaraq deyib. O bildirib ki, senatorların belə bir istəklə viza tələb etməyə haqqı çatmır.
Ə.Brucerdi bildirib ki, İranda keçirilən hər hansı seçkilərin nəzarətə ehtiyacı yoxdur. Çünki İran regionda ən güclü demokratiyaya malikdir və seçki prosesi tam şəffaf şəraitdə keçirilir.
Xatırladaq ki, ABŞ-dan olan 3 senator fevralın 26-da İranda keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyində olduqlarını bildirmişdi. Senatorlar Vaşinqtonda İranın maraqlarını müdafiə edən lobbi şirkətinə onlara viza almaqda kömək göstərilməsi xahişi ilə müraciət etmişdilər.