​Cənubi Qafqazda biomüxtəlifliyin qorunmasına dair yeni fəaliyyət planı hazırlanır

​Cənubi Qafqazda biomüxtəlifliyin qorunmasına dair yeni fəaliyyət planı hazırlanır Tbilisidə “Cənubi Qafqazın biomüxtəlifliyinin qorunması” mövzusunda beynəlxalq konfrans keçirilir
Region
28 İyun , 2016 14:54
​Cənubi Qafqazda biomüxtəlifliyin qorunmasına dair yeni fəaliyyət planı hazırlanır

Tbilisi. 28 iyun. REPORT.AZ/ Tbilisidə “Cənubi Qafqazın biomüxtəlifliyinin qorunması” mövzusunda beynəlxalq konfrans başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, məqsəd Cənubi Qafqaz regionunda ətraf mühitin, biomüxtəlifliyin mühafizəsi ilə bağlı görülən işləri müzakirə etmək, növbəti illər üçün fəaliyyət proqramını hazırlamaqdır.

Tədbirdə bildirilib ki, Cənubi Qafqaz dünyanın biomüxtəliflik cəhətdən ən zəngin regionları içərisində mühüm yerlərdən birini tutur. Bu baxımdan bölgənin biomüxtəlifliyinin qorunması əsas vəzifələrdəndir. Bunun üçün konkret layihələr hazırlanıb.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan üzrə rəhbəri Elşad Əsgərov jurnalistlərə açıqlamasında deyib: “2004-cü ildə Qafqaz regionunda, xüsusilə də Cənubi Qafqazda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması məqsədilə Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistandan olan 150 nəfərədək ekspertin iştirakı ilə “Qafqaz üçün ekoregional təbiəti mühafizə planı” hazırlanıb. Sənəddə 6 ölkədə ekoloji vəziyyətə dair hesabatlar və gələcək fəaliyyət planı əksini tapıb. Bu konfransda həmin proqramın icra vəziyyəti nəzərdən keçiriləcək, növbəti 20 il üçün yeni fəaliyyət planı hazırlanacaq. Əsas məqsəd ekoloji tarazlığın pozulması, ətraf mühitə vurulan ziyanın qarşısını almaqdır. Konfransda hazırlanacaq sənədin layihəsi, səslənən təkliflər paket halında adları çəkilən ölkələrə göndəriləcək. Bu ölkələrin hökumətləri fəaliyyət planını təsdiqlədikdən sonra konkret layihələrin icrasına başlanılacaq”. 

Onun sözlərinə görə, burada Ermənistanın ətraf mühitə vurduğu ziyanla bağlı konkret məsələ müzakirə olunmur. Bununla belə, hazırlanan sənəddə Ermənistanın da öhdəlikləri əksini tapıb.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun təşkil etdiyi konfransda Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, eləcə də Almaniyadan nümayəndələr iştirak edirlər. Ölkəmiz tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də QHT-lər səviyyəsində təmsil olunur.

Son xəbərlər

Orphus sistemi