Baş nazir: "Türkiyə qarşılaşdığı mənasız embarqonun qarşısında aciz qalacaq dövlət deyil"

Baş nazir: "Türkiyə qarşılaşdığı mənasız embarqonun qarşısında aciz qalacaq dövlət deyil" Əhməd Davudoğlu: "Bir gün İran xalqı onlardan Türkiyəyə qarşı davranışına görə hesabat tələb edəcək"
Region
8 Dekabr , 2015 16:50
Baş nazir: Türkiyə qarşılaşdığı mənasız embarqonun qarşısında aciz qalacaq dövlət deyil

Bakı. 8 dekabr. REPORT.AZ/ "Türkiyə vətəndaşları ən geci 2016-cı ilin oktyabrından Avropa İttifaqına üzv ölkələrə vizasız səfər edə biləcəklər".

"Report"un məlumatına görə, bunu ölkənin baş naziri Əhməd Davudoğlu parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük Türkiyə üçün çox önəmlidir: "Bu prosesi sürətləndirməkdə qərarlıyıq".

Baş nazir rəsmi Moskva və İran hakimiyyətini Türkiyəyə qarşı tutduqları mövqeyə görə tənqid edib. Ə.Davudoğlu Rusiyanın sanksiyalarından daha çox qarşı tərəfin ziyan görəcəyini söyləyib: "İstənilən vəziyyətə hazırıq. Nazirlərimiz Rusiyanın sanksiyaları ilə bağlı görüşüb, müzakirələr aparıblar. Yanacaqla bağlı ehtimal olunan problemin aradan qaldırılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Meyvə-tərəvəz ixracı ilə bağlı problemlərin həlli istiqamətində də addımlar atılır. Alternativ bazarlar üçün lazım olan hər cür tədbirləri görürük. İş adamlarına dəyən ziyanın qarşılığını ödəyəcəyik, onların zərər görməsinə imkan verməyəcəyik. Turist səfərləri təşkil edən turoperatorlara bütün hallarda dəstək verəcəyik. Biz qarşılaşdığımız mənasız embarqonun qarşısında aciz qalacaq dövlət deyilik".

Ə.Davudoğlu toplantıdakı çıxışında İran hakimiyyətinə müraciət edib: "Onlara qarşı tətbiq edilən sanksiyalara qoşulmadıq. Hər cür problemlərinin həllinə yardım etdik. Bir gün İran xalqı onlardan Türkiyəyə qarşı davranışına görə hesabat tələb edəcək.

Biz Ukrayna məsələsi ilə bağlı Rusiyaya qoyulan qadağalara da qoşulmadıq. Rus xalqının ərzaqla bağlı problemlərinin həllinə yardım etdik.

İran və Rusiya xalqları Türkiyənin onlara etdiyi yaxşılığı bilir. Hər iki ölkə hakimiyyətini daha məntiqli davranmağa çağırıram".

Baş nazir deyib ki, Türkiyənin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalarla bağlı beynəlxalq hüquq çərçivəsində lazım olan addımları atacaqlar. 

Qeyd edək ki, bu gün Türkiyə hökumətinin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar haqda açıqlama verəcəyi gözlənilirdi. Ancaq baş nazir Əhməd Davudoğlu sanksiyalar paketinin hazır olduğunu desə də, tətbiqi tarixindən danışmayıb.

Son xəbərlər

Orphus sistemi