Azərbaycanın 10 komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə Tbilisidə keçirilən çempionatında iştirak edir

Azərbaycanın 10 komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə Tbilisidə keçirilən çempionatında iştirak edir Çempionat sentyabrın 3-də davam edəcək
Region
2 Sentyabr , 2016 18:35
Azərbaycanın 10 komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə Tbilisidə keçirilən çempionatında iştirak edir

Tbilisi. 2 sentyabr. REPORT. AZ/ Bu gün “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə Tbilisi birinci beynəlxalq açıq çempionatı başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, çempionatda dünyanın 14 ölkəsindən 60 komanda iştirak edir. Azərbaycan bu turnirdə 10 komanda ilə təmsil olunur.

Gürcüstanın “Nə? Harada? Nə zaman?” klubunun prezidenti Qeorqi Mosidze “Report”a müsahibəsində xatırladıb ki, Tbilisi beynəlxalq açıq turniri ilk dəfədir təşkil olunur: “Azərbaycan, Belarus, İsrail, Qazaxıstan, Rusiya, Latviya, Çexiya, Estoniya və digər ölkələrdən gəlmiş onlarla komanda burada öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Qalib komanda “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının 14-cü dünya çempionatına vəsiqə qazanacaq”.

Q.Mosidzenin sözlərinə görə, bu turnirdə ilk 32-likdə qərarlaşacaq komandaların üzvləri sentyabrın 4-də Gürcüstanın Kaxetidə bölgəsində məşhur rəssam Niko Pirosmani adına muzey mərkəzində “breyn-rinq” turnirində iştirak edəcəklər.

Azərbaycanı təmsil edən komandalardan biri, PASHA Travel komandası çempionatının birinci günündə ilk 3 turdan sonra ilk üçlükdə yer alıb.

Komandanın kapitanı Ayan Bəşirzadə “Report”a müsahibəsində deyib: “Belə bir turnir ilk dəfədir keçirilir. Azərbaycanı bu çempionatda 10 komanda təmsil edir. Biz hamımız çalışırıq ki, ölkəmizi layiqincə təmsil edək. Hazırda bizim komanda birinci üçlükdədir. Bizimlə yanaşı bu üçlükdə bütün ölkələrdən ibarət yığma komanda və Gürcüstan komandası da var. Qabaqda 5 tur var və biz mübarizəmizi sonadək əzmlə davam etdirəcəyik”.

“Nə? Harada? Nə zaman?” Tbilisi beynəlxalq açıq çempionatı sentyabrın 3-də davam edəcək.

Son xəbərlər

Orphus sistemi