Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-ın 200 əsgəri Gürcüstan da keçiriləcək "Yüksək səviyyəli tərəfdaş" ("Noble Partner") adlı hərbi təlimə qatılacaq.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Xəbərə görə, hərbi təlim bu il mayın 11-dən 25-dək Gürcüstanın Vaziani hərbi bazasında keçiriləcək.
Təlimin keçirilməsində məqsəd NATO-nun çevik qüvvələrində gürcüstanlı və amerkalı hərbçilərin biri-birinə uyğunluğunu artırmaqdır.
Məlumatda bildirilib ki, NATO-nun çevik qüvvələri 2002-ci ildə yaradılıb: "Bu çoxmilli silahlı qüvvələr təcili olaraq vacib bölgələrə göndərilir. "Yüksək səviyyəli tərəfdaş" təlimləri üzərində iş 2013-cü ildən, Gürcüstan çevik qüvvələrə qoşulmağa hazır olduğunu bildirdiyi tarixdən başlayıb. ABŞ isə Gürcüstanın bu proqramda iştirakını maliyyələşdirir. Bu təlim ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın davamıdır ".