Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə müxalifətinin liderlərinə qarşı məhkəmə iddialarını geri götürüb.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bununla bağlı ölkə prezidentinin vəkili Hüseyin Aydın məhkəməyə müraciət edib. Bundan sonra məhkəmə işləri ədliyyə nazirinə göndəriləcək və nazir də işlərə məhkəmədə baxılmasına icazə verməyəcək.
"Bu ana qədər mənə hər cür hörmətsizlik göstərənləri, təhqir edənləri bir dəfə olmaqla bağışlayıram və iddialarımı geri götürürəm", - deyə məktubda vurğulanıb.
Məlumata görə, Türkiyə prezidenti 4 000 məhkəmə iddiasını geri götürüb. Bu humanist addım Fevzi İşbaşaran ilə Hüseyin Aygün isə şamil edilməyib. Buna səbəb kimi hər iki şəxsin küfr etməsi göstərilir.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı ölkədə çevriliş cəhdini pisləyərək hökumətə dəstək göstərib. Bundan sonra hər iki lider Türkiyənin baş naziri və prezidenti tərəfindən qəbul edilib.