Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb.
Region
1 May , 2024 22:56
Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Məlumata görə, etirazçılar "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsindən sonra daha da qəzəbləniblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri deputatların təhlükəsiz çıxışını təmin edərək parlamentə bitişik ərazidən tamamilə çıxıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb ki, asayişi bərpa etmək üçün aksiya iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə olunub. DİN vətəndaşları dinc aksiya keçirməyə, zorakı hərəkətlərdən çəkinməyə və hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırıb.

"Daxili İşlər Nazirliyinin bölmələri parlamentin ətrafını tərk etdikdən sonra aksiya iştirakçıları aqressivləşərək qanunverici orqanın dəmir qapılarını zədələməyə cəhd ediblər. Asayişi bərpa etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşları qanunla müəyyən edilmiş xüsusi vasitələrdən, bibər qazı və su şırnağından istifadə ediblər.

Hər bir mitinq iştirakçısını sakitliklə öz etirazını bildirməyə, zorakı hərəkətlərdən çəkinməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırırıq. Polis istənilən qanunsuz hərəkətə qarşı tədbir görəcək", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi