Ekspert: Ukraynadakı bahalaşmaya səbəb enerji qiymətlərinin kəskin artmasıdır

Ekspert: Ukraynadakı bahalaşmaya səbəb enerji qiymətlərinin kəskin artmasıdır Ukraynada son aylar müşahidə olunan bahalaşmaya səbəb enerji qiymətlərinin kəskin artmasıdır.
Region
6 May , 2024 12:40
Ekspert: Ukraynadakı bahalaşmaya səbəb enerji qiymətlərinin kəskin artmasıdır

Ukraynada son aylar müşahidə olunan bahalaşmaya səbəb enerji qiymətlərinin kəskin artmasıdır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın tanınmış iqtisadçı-eksperti Oleksandr Bondarenko bildirib.

"Əlbəttə ki, Ukraynada ərzaq və malların qiymətinə Rusiyanın elektrik enerjisi istehsal edən mənbələrə və elektrik paylama sistemlərinə qarşı kütləvi zərbələri ciddi təsir göstərib. Buna görə də hazırda Ukrayna Avropa İttifaqından (Aİ) elektrik enerjisi idxal etmək məcburiyyətindədir. Odur ki, elektrik enerjisi daha da bahalaşıb və digər sahələrə də təsirsiz ötüşməyib. Belə ki, elektrik enerjisi Avropa İttifaqından idxal edildikdə 1 kilovat-saat üçün təxminən 18-19 avrosentə başa gəlir. Amma Ukraynada bununla bağlı problemdən qabaq onun qiyməti 1 kilovat-saat üçün 11-12 avrosent idi. Hazırda Ukraynadakı müəssisələr elektrik enerjisinə görə 1 kilovat-saat üçün 16-17 avrosent ödəyir. Onlar daha sonra bu elektrik enerjisini müxtəlif məhsulların istehsalında istifadə edir. Buna görə də, bu amil istehsalın maya dəyərinə və müvafiq olaraq malların son qiymətinə təsir göstərib", - deyə Bondarenko vurğulayıb.

Ekspert qeyd edib ki, ikinci amil logistika, daşıma xərclərinin artması ilə bağlıdır: "Son 1,5-2 il ərzində həm quru, həm dəniz yolu ilə yük daşımalar bahalaşıb. Məsələn, Klaypeda şəhərindən Kiyevə 20 ton yükün nəqli 1, hətta 1,5 il əvvəl 2600 avro idi. Hazırda Polşa ilə sərhəddəki problemlər, sürücülərin dayanma müddətinin artması səbəbindən bu göstərici 5000 avroya qədər çatıb. Yəni, şirkətlərin logistika xərcləri, qiymətlər təxminən iki dəfə artıb. Müvafiq olaraq idxal olunan malların qiyməti ikiqat olub. Adi malların istehlak səbətinin qiymətləri təxminən 15-18 faiz artıb”.

Son xəbərlər

Orphus sistemi