Avstraliya hökuməti İran Müdafiə Nazirliyi və İnqilab Keşikçiləri Korpusunun (Sepah) rəhbərlərinə qarşı sanksiya tətbiq edib.
“Report” “Radio Farda”ya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
Məlumata görə, İranın müdafiə naziri Məhəmmədrza Aştiani və Sepahın “Qüds” qüvvələrinin komandanı İsmayıl Kaani ilə yanaşı, “Xatəm-ül Ənbiya” komanda mərkəzinin rəhbəri Qulam Əli Rəşid, İran Ali Baş komandanın müşaviri, keçmiş müdafiə naziri Əmir Xatəmi, İran Aviasiya Sənayesi Şirkətinin (“Iran Aircraft Industries Company”) direktoru Mehdi Qoqerdçianın da adları sanksiya siyahısına daxil edilib.
Avstraliya Xarici İşlər Nazirliyi Sepahın Hərbi Dəniz Qüvvələri, Aviasiya mühərrikləri istehsalı və layihələndirmə üzrə şirkəti (Dama), Raket yönləndirmə sistemlərinin istehsalçısı “Tehnavaran Sanat Rabitə Şirkəti” də sanksiya siyahısına salınıb. Nazirlikdən bildirilib ki, Avstraliya hökuməti hazırda İranla əlaqədar 90 fiziki şəxsə və 100 müəssisəyə sanksiya tətbiq edib.
Xatırladaq ki, ABŞ 2019-cu ilin aprelində Sepahı terror təşkilatları siyahısına daxil edib. Sonra müttəfiqlərindən bu addımı atmalarını istəyib. Ancaq Böyük Britaniya, Avstraliya və Avropa İttifaqı (Aİ) indiyədək bundan imtina edirdi.