​Azərbaycan Prezidenti: “Erməni helikopterlərinin hücumu şüurlu surətdə törədilən fitnəkarlıq idi”

​Azərbaycan Prezidenti: “Erməni helikopterlərinin hücumu şüurlu surətdə törədilən fitnəkarlıq idi” "ATƏT-in Minsk qrupu ermənilərin bu fitnəkarlığına daha dəqiq münasibət bildirməli və onların belə hərəkətlərini pisləməli idi"
Qarabağ
3 Dekabr , 2014 13:48
​Azərbaycan Prezidenti: “Erməni helikopterlərinin hücumu şüurlu surətdə törədilən fitnəkarlıq idi”

Bakı. 3 dekabr. REPORT.AZ/ “Təəssüf ki, danışıqlar prosesində uğurlar barədə danışa bilmərik. Səbəb də kifayət qədər sadə və aydındır. Bizdə belə təsəvvür yaranıb və özü də bu təsəvvür cəmiyyətdə artıq kifayət qədər qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin tənzimlənməsini istəmir, hər şeyi olduğu kimi saxlamaq istəyir. Başqa sözlə, status-kvonu saxlamaq istəyir. Hərçənd ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin – Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, o, dəyişməlidir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibəsində deyib.

Prezident vurğulayıb ki, status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir: “Bu, münaqişənin tənzimlənməsi üçün başlıca şərtdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı bütün başqa münaqişələrdən onunla fərqlənir ki, onun həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Özü də bir yox, dörd qətnamə. Həmin sənədlərdə erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir.

Ermənistan həmin qətnamələrə sadəcə məhəl qoymur. Çünki bu qətnamələrin reallaşdırılması mexanizmi yoxdur. Bu qətnamələr münaqişənin tənzimlənməsinin əsasını təşkil etməlidir, çünki başqa variant sadəcə mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Dağlıq Qarabağ ona görə “dağlıq” adlanır ki, Aran Qarabağ da var. Qarabağ qədim Azərbaycan torpağıdır. Bu gün Qarabağın bir hissəsi işğal altındadır. Özü də yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında yox, həm də keçmiş DQMV hüdudlarından kənarda yerləşən, erməni əhalinin, ümumiyyətlə, olmadığı ərazilər də işğal edilib. Biz etnik təmizləməyə məruz qalmışıq, bu gün ərazimizin xeyli hissəsi işğal altındadır.

Yəni, bu məsələnin həlli üçün hüquqi baza mövcuddur. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Tarixi baza mövcuddur. Ona görə ki, “Qarabağ” sözünün özü Azərbaycan mənşəli sözdür, bu regionun tarixi tarixçilərə və bu mövzu ilə məşğul olanlara yaxşı məlumdur. Ermənistan isə öz hərəkətləri ilə danışıqlar prosesini hər vasitə ilə pozmağa çalışır.

Deməliyəm ki, bu il əvvəlki illərdən danışıqlar prosesinin intensiv xarakteri ilə fərqlənib. Bu il həm də onunla fərqlənib ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin rəhbərləri danışıqlar prosesində fəal iştirak ediblər, əvvəllər heç vaxt belə olmayıb. Avqust ayında prezident Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Sentyabr ayında ABŞ-ın dövlət katibi Kerri bizimlə analoji görüş keçirdi, oktyabrın axırında isə Fransa prezidenti Olland da Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüşə dəvət etdi və biz həm ikitərəfli, həm də üçtərəfli diskussiyalar keçirdik. Müzakirə mövzuları arasında münaqişənin tənzimlənməsi və danışıqlar prosesi ilə yanaşı, etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində insidentlərin azalması, tərəflərin bir-birinə daha çox etimad göstərməsi məsələləri də vardı. Hər iki tərəf – həm erməni, həm də Azərbaycan tərəfi Paris görüşünü müsbət qiymətləndirdi və bunu açıq şərhlərində qeyd etdi. Lakin düz iki həftədən sonra Ermənistan bizim ərazimizin işğal edilmiş hissəsində qondarma hərbi təlimlər keçirməyə başladı. Özü də onlar bu təlimləri Ermənistan və hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında deyil, Azərbaycanın Ağdam rayonunun ərazisində, bilavasitə təmas xətti boyunca keçirirdilər. Ermənistanın özünün məlumatına görə, orada 47 min hərbi qulluqçu və minlərlə texnika növü iştirak edib. Sual olunur: Parisdəki müsbət görüşdən dərhal sonra provokasiyalar törətməyə nə lüzum vardı?! Üstəlik, həmin təlimlər keçirilən bir neçə gün ərzində Azərbaycan təmkin və səbir nümayiş etdirmiş, buna heç bir reaksiya verməmişdi. Görünür, erməni tərəfi bununla kifayətlənməmiş və bizim mövqelərə Mi-24 döyüş helikopterləri ilə hərbi hücum etməyə cəhd göstərmişdi. Helikopterlər praktiki olaraq bizim qoşunların mövqelərinə hücum edəndə ordumuz onlardan birini vurmağa məcbur oldu. Yəni, bu, bizi cavab tədbirlərinə təhrik etmək və bununla da danışıqlar prosesini yenidən pozmaq üçün bundan bir bəhanə kimi istifadə etmək məqsədilə şüurlu surətdə törədilən fitnəkarlıq idi.

Zənnimcə, ATƏT-in Minsk qrupu ermənilərin bu fitnəkarlığına daha dəqiq münasibət bildirməli və onların belə hərəkətlərini pisləməli idi. Lakin bu, baş vermədiyinə görə onlar bildiklərini edirlər. Buna görə 2015-ci ildə tənzimləmənin perspektivləri bir neçə amildən asılı olacaq və həmin amillərdən biri vasitəçilərin erməni tərəfini buna inandırmağı bacarmalarıdır ki, münaqişənin tənzimlənməsi onların da xeyrinədir”.

Son xəbərlər

Orphus sistemi