Bakı. 2 iyul. REPORT.AZ/ "ATƏT beynəlxalq hüquq prinsipləri çərçivəsində Moldova və Cənubi Qafqazda münaqişələrin həllinə nail olmalıdır".
"Report" xəbər verir ki, bunu ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iyulun 2-də Tbilisidə keçirilmiş iclasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, ATƏT PA-nın Büro üzvü, azərbaycanlı deputat Azay Quliyev deyib.
O, ötən il Finlandiyada Helsinki prinsiplərinə sadiqlik məsələsinə dair qətnamə qəbul edildiyini xatırladıb: "Hesab edirəm ki, bu, ATƏT məkanında münaqişələrin həlli üçün hüquqi çərçivə baxımından əsas kimi çıxış edə bilər. Almaniya ATƏT-ə sədrliyi dövründə münaqişələrin həllinin onlar üçün prioritet təşkil edəcəyini açıqlayıb və bu istiqamətdə bir sıra tədbirlər keçirib. Ümidvaram ki, ATƏT təşkilatın fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatını dəstəkləyəcək".
A.Quliyev həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllində konkret nəticələr verəcəyinə ümid etdiyini də vurğulayıb.