Yelena Çebanu: "Qazandığım üç medal da yüksək nəticədir"

Yelena Çebanu: "Qazandığım üç medal da yüksək nəticədir" "Məqsədim Paralimpiya çempionu olmaqdır"
Fərdi
22 Sentyabr , 2016 21:18
Yelena Çebanu: Qazandığım üç medal da yüksək nəticədir

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Hədəfim qızıl medal qazanmaq idi. Əfsuslar olsun ki, buna nail olmadım. Ancaq bu, idmandır, belə şeylər olur".

"Report"un məlumatına görə, bu fikirləri Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən atlet Yelena Çebanu bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Yarışda uzunluğa tullanma və 100 metr məsafəyə qaçış yarışlarında gümüş, 200 metr məsafəyə qaçış üzrə isə bürünc medal qazanan Çebanu gərgin idman mübarizəsi ilə üzləşdiyini söyləyib:

"Rəqiblərim çox güclü idi. Rioda üç dəfə fəxri kürsüyə qalxdım. Qazandığım üç medal da yüksək nəticədir. Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur. Sevinirəm ki, bu xoşbəxtlik mənə də nəsib oldu".

Atlet qarşıdakı yarışlardan da söz açıb:

“Azərbaycanı bundan sonra da layiqincə təmsil edəcəyəm. Bunun üçün öz üzərimdə ciddi çalışacağam. Məqsədim Paralimpiya çempionu olmaqdır. Bu istəyimə çatacağıma ümid bəsləyirəm".

Xatırladaq ki, "Rio-2016"da çıxış edən paralimpiyaçılarımızdan ən çox medalı məhz Çebanu qazanıb.

Son xəbərlər

Orphus sistemi