Bakı. 20 aprel. REPORT.AZ/ Braziliya 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını yüksək səviyyədə keçirəcək. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax açıqlama verib.
Braziliya prezidenti Dilma Rusefin mümkün istefasının olimpiadaya təsir etməyəcəyini bildirən T.Bax buna zəmanət də verib: "Biz zəmanət veririk ki, çətinliklərə baxmayaraq, qarşıdakı Yay Olimpiya Oyunları dünyaya ümid və sevinc gətirəcək".
Rio-2016-nın Təşkilat Komitəsinin rəhbəri Karlos Nuzman isə İOC rəhbərindən fərqli olaraq, ölkə prezidentinin mümkün istefasının olimpiadaya təsirsiz ötüşməyəcəyini söyləyib.
Qeyd edək ki, aprelin 18-də Braziliya parlamentinin aşağı palatası ölkə prezidenti Dilma Rusefin impiçmentinin lehinə səs verib və onun istefası parlamentin yuxarı palatasına - federal senata təqdim olunacaq.