​Rövşən Bayramov: "Uğursuz çıxışım olimpiada ilə bağlı deyil"

​Rövşən Bayramov: "Uğursuz çıxışım olimpiada ilə bağlı deyil" "Yaxşı formada və psixoloji baxımdan hazırlıqlı olsaq, hər şey yaxşı nəticələnəcək"
Fərdi
28 May , 2016 11:33
​Rövşən Bayramov: Uğursuz çıxışım olimpiada ilə bağlı deyil

Bakı. 28 may. REPORT.AZ/ "Hazırlıqlar normal səviyyədə davam edir. Əsasən döşək məşqlərinə üstünlük veririk. Kubalı idmançılar da bizimlə birgə toplanışdadırlar. Olimpiadaya 2 aydan artıq vaxt qalıb. Demək olar ki, toplanışı zədəsiz başa vurduq".

Bunu "Report"a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Rövşən Bayramov deyib.

59 kq çəkidə çıxış edən R.Bayramov ümumilikdə məşqlərin yaxşı keçdiyini, yalnız Saman Təhmasibinin zədələndiyini bildirib: "Gələn ay turnirdə iştirak edəcəyik. Orada iştirak etmək üçün Bakıda hazırlaşacağıq. Demək olar ki, döşək məşqlərini kubalı güləşçilərlə bir yerdə etdik, onların zəif nöqtələrini öyrəndik. İnanıram ki, dünya çempionatında buraxdığımız səhvləri Olimpiya oyunlarında təkrarlamayacağıq. Əsas məsələ olimpiadada yaxşı formada olmaqdır. Yaxşı formada və psixoloji baxımdan hazırlıqlı olsaq, hər şey yaxşı nəticələnəcək".

Əvvəllər 55 kq çəkidə yarışan 29 yaşlı pəhləvan 59 kq-ın asan olmadığını söyləyib: "Hər bir çəkinin öz çətinliyi var. Əvvəllər 55 kq və 60 kq idi. İndi isə 59 kq olub. Bir az çətinlik var. Bəzi idmançıların çəkisi çox olduğu üçün bir az çətin olacaq. Həyacan getdikcə artır. Artıq üçüncü dəfədir ki, Olimpiya oyunlarında iştirak edəcəyəm. Nəyin bahasına olursa-olsun, çalışacağam ki, qalib kimi qayıdım. İki dəfə gümüş medal qazanmışam. Son illərdə uğurla çıxış edə bilmədim. İki il - 2014 və 2015-ci ildə zədələndim. 2013 və 2014-cü ildə Türkiyədə toplanışda olanda ayağımda problem olmuşdu. Ona görə də millidən kənarda qalmışdım".

Yunan-Roma güləşində 59 kq və 66 kq çəkinin daha çətin olduğunu bildirən dünya və Avropa çempionu bayraqdar məsələsinə də münasibət bildirib: "Bayraqdar məsələsinə mən qərar vermirəm. Bunu rəhbərlik daha yaxşı bilir".

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Rövşən Bayramov 59 kq çəkidə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi