Rio-2016: Elmar Qasımovun ailəsinin həyəcanı və sevinci - FOTO - VİDEO

Rio-2016: Elmar Qasımovun ailəsinin həyəcanı və sevinci - FOTO - VİDEO O, 100 kq çəkidə Azərbaycana gümüş medal qazandırıb
Fərdi
12 Avqust , 2016 10:31
Rio-2016: Elmar Qasımovun ailəsinin həyəcanı və sevinci - FOTO - VİDEO

Bakı. 12 avqust. REPORT.AZ/ "Report"un əməkdaşları Azərbaycan cüdoçusu Elmar Qasımovun Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal və final görüşlərini onun ailəsi ilə birgə izləyib. "Report" cüdoçunun ailə üzvlərinin həyacan və sevincini əks etdirən reportajı və görüntüləri təqdim edir.

Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında cüdoçumuz Rüstəm Orucovdan sonra Elmar Qasımov da ölkənin aktivinə daha bir gümüş medal yazdırdı. Təbii ki, Braziliyadakı yarışları hər bir azərbaycanlı kimi idmançının ailəsi də böyük həyacan və maraqla izləyirdi.

Biz də “Report” olaraq Qasımovlar ailəsinin sevincinə şərik olmaq üçün yarışı onlarla birgə izlədik. İdmançının atası İlqar Qasımov bizi yarışı izlədikləri restoranın həyətində qarşıladı. Elə ilk baxışdan İlqar kişinin üzündəki həyacanı hiss etmək o qədər çətin deyildi. “Gəlin, gəlin! Bir azdan Elmar döyüşəcək” - deyən idmançı atası bizi içəri dəvət etdi. Hələ yarışa bir neçə dəqiqə vardı. Elmarın anası Şərqiyyə xanım, qaynatası Natiq Zeynalov, əmisi qızı Cəmilə, qardaşı Eldarın sevincinə şərik olmaq üçün digər qohum və dostları da gəlmişdilər. Hər kəsin bir arzusu vardı - Elmarın qızıl medal qazanmağı...

Ukraynalı Artyom Bloşenko ilə görüş ailənin həyacanın birə-beş artırdı. Artıq 2 dəqiqə 37 saniyənin tamamında hər kəs ayaqda idi, hər kəs təbrik edirdi. Çünki Elmar rəqibinə ipponla qalib gəlmişdi...

İlqar Qasımov oğlunun adını medalçılar sırasına yazdırmasından sonra həyacanla da olsa, sevincini bölüşdü: “Ailə olaraq inandırdıq ki, Elmar sonadək mübarizə aparacaq. Artıq finaldadır. İndi də inanırıq ki, bayrağımızı yüksəldib, himnimizi səsləndirəcək. Hazırda çexiyalı idmançı qalib gəlir (həmin anda 100 kq çəkidə fransalı Siril Marey və çexiyalı Lukas Krpalek arasında digər finalçını məlum edəcək döyüş gedirdi– “Report”). Elmar bu çexiyalı idmançını 2009-cu ildə Yerevanda udaraq qızıl medal qazanıb. Bu dəfə onu məğlub edərək olimpiadanın qalibi olacağına inanırıq. Şadıq ki, bu qələbə Azərbaycan xalqını, bizi, hər kəsi sevindirir».

“Elmar Yerevanı fəth etdi

Final görüşünə dəqiqələr qalsa da, hələ də idmançının atasına gələn zənglərin ardı-arası kəsilmək bilmirdi. İlk zəng isə paralimpiya çempionu İlham Zəkiyevdən gəldi. Siyahıda Azərbaycan Cüdo Federasiyasının, Milli Olimpiya Komitəsinin, dostların, qohumların da adları vardı.

Ailənin bu sevincini yazılarla ifadə etmək mümkün deyildi. İdmana illərini vermiş Qasımovlar ailəsinin Elmarı dördilliyin yarışında finalda idi. Bəlkə də çoxları Elmardan bu uğuru gözləmirdi. Amma ailə 26 yaşlı idmançını Braziliyaya yola salanda da inanırdı. İnanırdı ki, Elmar Rio-de-Janeyrodan medalla dönəcək. Elmarın atası belə deyir: “Onu böyük ümidlərlə yola salmışdıq. İki ay əvvəl Meksikada böyük yarışda iştirak etmişdi və ən güclü 15 idmançısı arasında çempion olaraq özünü sübut etdi. İndiki vəziyyəti də çox yaxşıdır”.

Həlledici yarışa dəqiqələr qalıb. Kimisi restoranın həyətində həyacanını boğur, kimisi ekran qarşısından tərpənmirdi. Anası Şərqiyyə xanımın həyacanını isə sözlə ifadə etmək mümkün deyil. Ana oğlunun medal alacağına inanırdı: “Əmin idim ki, Elmar medalla gələcək. Ən azından bürünc medal qazanacağına inanırdım. Hərdən Elmarda belə bir şey olur. Ancaq biz deyirdik ki, hər bir rəqibini güclü qəbul et. Oğlum finala yüksəlib. Elmar Yerevanı fəth etdi. Orada Azərbaycanın himni səsləndi. Bu hadisəni heç kim yaşatmayacaq. O öz imzasını qoydu. İnanıram ki, bu gün də (dünən - ”Report”) Elmar qızıl alacaq. Onun qələbəsinə hər birimiz çox sevinirik. İnsanda istedad olur, sadəcə dayaq olmaq lazımdır. O da həm öz, həm bizim əziyyətimizi yerdə qoymadı”.

Sevindirici və üzücü medal...

Artıq final görüşü başladı. Hər kəs ekran qarşısından Elmara öz dəstəyini göstərir. Əl çalan, məsləhət verən... Ailə ümidlidir, inanır ki, qızıl medal qazanılacaq. Amma... Bərabər səviyyədə keçən görüşün sonlarında Qasımov fənd tətbiq etmək istəyərkən, özü əks-fəndlə ippona düşüb və məğlubiyyətə uğradı. Şərqiyyə xanımın sözlərinə görə, Elmar üçün yalnız bir amil var. Ya ipponla qalib gəlmək, ya da ipponla uduzmaq.

Qasımov ipponla yüksəldiyi finalda, elə ipponla da məğlub oldu. İkinci pillə elədir ki, yalnız məğlub olduqdan sonra gümüş medal qazanırsan. Təbii ki, ailə övladın finalda qızıl medal qazanmamasına üzülürdü. Ancaq bürünc medal uğrunda görüşlərdə qalib gələn idmançıların göz yaşlarını görüb, Elmarın gümüş medal qazanmasına sevinməmək əldə deyildi.

Biz də idmançımızın ailəsini bir daha təbrik edib atasının yekun fikirlərini öyrəndik: “Təbrik edən hər kəsə minnətdarlığımızı bildiririk. Düzdür, qızıl olmadı. Ancaq olimpiadanın gümüş medalçısı da böyük uğurdur. Ölkə Prezidentinin idmançılara verdiyi böyük dəstəyə görə minnətdarıq. İnanıram ki, idmançılarımız olimpiadada qızıl medal qzanıb, himnimizi səsləndirəcək. Ancaq bu Elmara nəsib olmadı”.

Gümüş medalçının bir vaxtlar cüdo ilə məşğul olmuş qardaşı Eldar gümüş medal üçün sevindiklərini dedi: “Final görüşündə rəqibə cərimə xalı düşürdü. Bu mənim fikrimdir. Elmar uda bilərdi. Qardaşıma uğurlar arzu edirəm. İkinci olmağına çox sevindik”.

Qeyd. Elə biz də sevinirik. Ona görə ki, Azərbaycanın aktivinə daha bir medal yazıldı. Sevinirik ki, xalqımızın daha bir üzvü sayəsində Braziliyada milyonların izlədiyi yarışda Azərbaycan bayrağı yüksəlir. Və ən azından bu uğuru digər idmançılardan gözləyirik. Tək “Report” deyil, bütün Azərbaycan Braziliyadan medal gözləyir... Əsas bayrağımız dalğalansın, himnimiz səslənsin...

Xatırladaq ki, E.Qasımov 100 kq çəkidə yaınız finalda uduzaraq Azərbaycana gümüş medal qazandırıb.

Foto: Firi Salim/ "REPORT" İA

Son xəbərlər

Orphus sistemi