MOK rəsmisi Rio-2016-da Azərbaycan idmançılarının təhlükəsizliyinin qorunmasına aydınlıq gətirib

MOK rəsmisi Rio-2016-da Azərbaycan idmançılarının təhlükəsizliyinin qorunmasına aydınlıq gətirib Çingiz Hüseynzadə: "Tövsiyə edirik ki, idmançılarımız olimpiya kəndindən kənara çıxmasınlar"
Fərdi
22 İyul , 2016 19:17
MOK rəsmisi Rio-2016-da Azərbaycan idmançılarının təhlükəsizliyinin qorunmasına aydınlıq gətirib

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın təhlükəsizliyinin hansı səviyyədə qorunacağı məsələsinə aydınlıq gətirib.

“Report”un məlumatına görə, MOK-un vitse-prezidenti “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib ki, idmançılar olimpiya kəndində yaşayırlar: "Təbii ki, həmin yer tamamilə təhlükəsiz olur. Yəni ora dövlət tərəfindən qorunur. Tövsiyə edirik ki, idmançılarımız oradan kənara çıxmasınlar. Məsləhət görülən yerlərə getsinlər. İdmançılar yarış başa çatdıqdan sonra şəhərlə tanış olmaq istəyirlər. Çalışacağıq ki, təhlükəsizlik məsələsi yüksək səviyyədə həll olunsun”. 

Onun sözlərinə görə, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza veriləcək pul mükafatı dövlət tərəfindən ödəniləcək. Olimpiya Oyunlarında dövlətdən əlavə, Milli Olimpiya Komitəsi də idmançılara pul mükafatı ayırır.

O bildirib ki, hər bir məşqçi idmançının aldığı mükafatın 50 faizi məbləğində mükafat alacaq: “Federasiyalar da idmançıları mükafatlandırır. Bu, onların daxili məsələsidir və məbləği elan etməyə məcbur deyillər. Əvvəlki təcrübə göstərir ki, bəzi hallarda müəyyən biznes qurumları da idmançıları mükafatlandırıb”.

Son xəbərlər

Orphus sistemi