Bakı. 9 iyul. REPORT.AZ/ Məşhur amerikalı qolfçu Dastin Conson Latın Amerikasında "Zika" virusunun yayılması səbəbindən Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına qatılmaqdan imtina edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, D.Conson deyib ki, qərar vermək asan deyildi: "Lakin "Zika" virusu ilə bağlı təhlükəyə ciddi yanaşmaq lazımdır".
Qeyd edək ki, mayın sonunda dünyanın yüzdən artıq məşhur alimi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) açıq məktubla müraciət edərək, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının "Zika" virusu səbəbindən təxirə salınmasına və ya başqa bir vaxta keçirilməsinə çağırıblar. ÜST-dən məktuba cavab olaraq Olimpiya Oyunlarının nəzərdə tutulduğu avqust ayında "Zika" virusuna yoluxma riskinin olduqca aşağı olduğu bildirilib.
Xatırladaq ki, "Zika" virusuna qarşı vaksin hələlik mövcud deyil.