Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanının keçmiş kanoeçisi Andrey Kraytorun Rusiya yığmasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakına icazə verilib. "Report"un məlumatına görə, Ümumrusiya Kayak və Kanoe Federasiyası 24 yaşlı idmançını olimpiadaya sifariş edib.
Federasiyanın idarə heyəti onu Beynəlxalq Kanoe Federasiyasının olimpiadaya buraxmadığı Aleksey Korovaşkovla əvəzləyib. Korovaşkov həm 2 nəfərlik qayıqla 1000 metr, həm də 1 nəfərlik qayıqla 200 metr məsafələrə qatılmalı idi. İdarə heyəti bu yürüşlərə müvafiq olaraq, İvan Ştılla Kraytorun buraxılmasına qərar verib.
Qeyd edək ki, Andrey Kraytor "Rio-2016"da Azərbaycan təmsilçisi və keçmiş komanda yoldaşı Valentin Demyanenkonun rəqiblərindən olacaq.