Azərbaycanın 4 paralimpiyaçısı bu gün mübarizəyə qoşulacaq

Azərbaycanın 4 paralimpiyaçısı bu gün mübarizəyə qoşulacaq Bir paralimpiyaçı isə finala vəsiqə uğrunda yarışacaq
Fərdi
9 Sentyabr , 2016 10:12
Azərbaycanın 4 paralimpiyaçısı bu gün mübarizəyə qoşulacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Braziliyada keçirilən 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, ilk olaraq cüdoçular gücünü sınayacaq.

Kişilərin mübarizəsində 73 kq çəkidə Ramil Qasımov 1/4 finalda çıxış edəcək. Onun rəqibi kubalı Cerardo Rodriges və argentinalı Rodolfo Ramires arasında keçiriləcək görüşün qalibi olacaq. 81 kq-da Rövşən Səfərovun rəqibi belaruslu Aleksandr Kazloy olacaq. Cütün qalibi 1/4 finalda ukraynalı Oleksandr Kosilovla görüşəcək.

Qadın cüdoçulardan yalnız Səbinə Abdullayeva mübarizə aparacaq. 57 kq çəkidə gedən mübarizənin 1/4 finalında azərbaycanlı paralimpiyaçı yaponiyalı Junko Hiroseni yenməyə çalışacaq. Qalib cüdoçu yarımfinalda Araujo Lusio (Braziliya) - Liyinq Vanq (Çin) cütünün qalibi ilə mübarizə aparacaq. Cüdo yarışlarına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Yelena Taranova 10 metr məsafəyə atəşaçmada qüvvəsini sınayacaq. Yarış saat 16:30-da başlayacaq. Y.Taranova hədəfdən yayınmasa, saat 18:45-də finalda iştirak edə biləcək.

100 metr məsafəyə qaçışın yarımfinalına yüksələn Yelena Çebanu saat 19:08-də start xəttində olacaq. Paralimpiyaçı uğur qazanacağı təqdirdə gecə saat 02:00-da başlayan finalda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycan bir medal qazanıb. 66 kq çəki dərəcəsində çıxış edən cüdoçu Bayram Mustafayev finalda uduzaraq gümüş medalla kifayətlənib.

Son xəbərlər

Orphus sistemi