Azərbaycan Olimpiya Oyunlarında rekordunu yeniləyib

Azərbaycan Olimpiya Oyunlarında rekordunu yeniləyib Ölkə idmançıları 5 növdə medal qazanıb
Fərdi
18 Avqust , 2016 10:51
Azərbaycan Olimpiya Oyunlarında rekordunu yeniləyib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan müstəqillik qazandıqdan sonra təmsil olunduğu Yay Olimpiya Oyunlarında mütləq rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, ölkəmiz 1992-ci ildə keçirilən Barselona Olimpiadasından bu yana ən çox idman növündə Olimpiya medalçısı olub.

Bu, 49 kq çəkidə çıxış edən taekvondoçu Patimat Abakarovanın qazandığı bürünc medal sayəsində reallaşıb. Nəticədə Azərbaycan "Rio-2016"da 5 növdə - taekvondo ilə yanaşı, cüdoda Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), güləşdə - yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq) və qadınlarda Mariya Stadniklə (48 kq), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) medal qazanıb.

Əslində, boksda Azərbaycanın medalının əyarı hələ dəqiqləşməsə də, Kamran Şahsuvarlı ilə Lorenzo Sotomayorun ən azı "bürünc"ü özlərinə təmin etdikləri artıq bəllidir. Sadəcə, onların çıxışları başa çatmamış medal ölkənin aktivinə yazılmır.

Azərbaycan təmsilçiləri "Barselona-1992"də 2 (cüdo və idman gimnastikası), "Atlanta-1996" 1 (sərbəst güləş), "Sidney-2000" (sərbəst güləş, atıcılıq, boks) və "Afina-2004"də 3 (atıcılıq, yunan-Roma güləşi, boks), "Pekin-2008" (cüdo, yunan-Roma güləşi, sərbəst güləş, boks), "London-2012 (ağır atletika, yunan-Roma güləşi, sərbəst güləş, boks) 4 növdə mükafatçı olublar.

22 yaşlı Abakarova eyni zamanda Azərbaycana tarixində ilk dəfə taekvondoda Olimpiya medalı qazandırıb. Əvvəlki 3 olimpiadada bunu əldə etmək mümkün olmadığından, Patimat tarixi nailiyyətə imza atıb. Azərbaycan isə olimpiadada artıq 8 növdə medala yiyələnib. "Rio-2016"da ilkə imza atan kayak olub. Göründüyü kimi, Braziliyada birdən-birə 2 yeni idman növündə fərqlənə bildik və hər ikisində də bürünc mükafatçı olduq.

Xatırladaq ki, Abakarova "Bakı-2015" I Avropa Oyunlarının bürünc mükafatçısı olub.

Son xəbərlər

Orphus sistemi