SOCAR növbəti genişmiqyaslı ağacəkmə kampaniyasına start verib - FOTOREPORTAJ

SOCAR növbəti genişmiqyaslı ağacəkmə kampaniyasına start verib - FOTOREPORTAJ SOCAR-ın təxminən 25 000 əməkdaşının iştirak etdiyi şənbə iməciliyində 6 000-dən artıq ağac və gül kolu əkilib
Multimedia
2 Aprel , 2016 13:14
SOCAR növbəti genişmiqyaslı ağacəkmə kampaniyasına start verib - FOTOREPORTAJ

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Abşeronneft” NQÇİ-nin mədən ərazisinə gələrək keçirilmiş iməcilikdə iştirak ediblər. “Report” xəbər verir ki, SOCAR rəhbərliyi ağac əkib, ekoloji vəziyyətlə maraqlanıb, yaşıllaşdırma işləri ilə tanış olub.

SOCAR prezidentinə bildirilib ki, NQÇİ-nin kollektivi idarənin yerləşdiyi Pirallahı adasında ekoloji tarazlığın bərpası məqsədilə mühüm işlər görür. İndiyədək 13,5 hektarlıq ərazi bioremediasiya üsülu ilə neft şlamından təmizlənib, İdarənin daxili imkanları hesabına 16,5 hektarlıq sahə abadlaşdırılıb və həmin sahələrdə 37 mindən artıq ağac, müxtəlif növ gül kolları əkilib.

Quyuların yeraltı və cari təmiri zamanı istifadə olunan lay sularının saxlanılması üçün qapalı qurğular hazırlanaraq özüllərdə quraşdırılıb, dəniz suyunu şirinləşdirən, sutkalıq gücü 500 kubmetr təşkil edən “ƏKS-OSMOS” qurğusu istifadəyə verilib.

Qeyd olunub ki, budəfəki iməcilik zamanı ərazinin təbii xüsusiyyətlərinə uyğun olan 2 500-dən artıq ağac və gül bitkilərinin əkilməsi, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilməsi, ağacların diblərinin yumşaldılması və abadlıq işlərinin aparılması nəzərdə tutulur.

Məlumata görə, SOCAR 2006-cı ildən neftlə çirklənmiş mədən ərazilərində ekoloji tarazlığın bərpasına yönəlmiş intensiv və təxirəsalınmaz tədbirlər həyata keçirib və böyük uğurlar qazanıb. Belə ki, indiyədək “Bibiheybətneft” NQÇİ-nin neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış 320 hektar ərazisi rekultivasiya olunub, təbii landşaft arxitektura planına uyğun bərpa edilib. Torpaq-bitki örtüyünün bərpası məqsədilə indiyədək mədən ərazisində 92 minə yaxın müxtəlif növ ağac və kol bitkiləri əkilib, rekultivasiya olunmuş sahələrdə geniş infrastruktur layihələri həyata keçirilib, genişzolaqlı magistral şose yolu çəkilib. Digər neft və qazçıxarma idarələrinin istismarında olan mədən ərazilərində də lay sularının idarə olunmasının qapalı sistemə keçirilməsi, çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıqların salınması istiqamətində görülmüş məqsədyönlü tədbirlər müsbət nəticələr verib.

“Abşeronneft” NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş mədən ərazisində ağac əkən Rövnəq Abdullayev ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində Dövlət Neft Şirkəti tərəfindən görülən işləri yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması istiqamətində geniş vüsət alan ekoloji hərəkatda SOCAR-ın öncül rol oynadığını bildirən Rövnəq Abdullayev Azərbaycanda ekoloji durumun daha da yaxşılaşdırılması məqsədilə keçirilən bu genişmiqyaslı ağacəkmə aksiyasını ətraf mühitin qorunması işinə neftçilərin verdiyi töhfə kimi qiymətləndirib.

Aprelin 2-də keçirilmiş şənbə iməciliyinə SOCAR-ın bütün idarə və müəssisələri, o cümlədən “Azneft” İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələri, “Azəriqaz” İB-nin qaz istismar sahələri, “Azərikimya” İB-nin zavodları, Heydər Əliyev adına Neft Emalı Zavodu, Qaz İxrac İdarəsi, “Neftqaztikinti” Tresti və Neft Kəmərləri İdarəsinin müəssisə və istehsalat bölümlərinin kollektivləri fəal surətdə qoşulublar. Geofizika və Geologiya, Marketinq və İqtisadi Əməliyyatlar, Təlim, Tədris və Sertifikatlaşdırma, Ekologiya, Dalğıc-qəza və xilasetmə işləri”, Nəqliyyat və Sosial İnkişaf İdarələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Qaz Emalı Zavodu və digər istehsalat kollektivləri iməciliyə öz müəssisələrinin ərazilərində çıxıblar. Ümumilikdə SOCAR-ın təxminən 25 000 əməkdaşının iştirak etdiyi şənbə iməciliyində 6 000-dən artıq ağac və gül kolu əkilib. Əkilən ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - şam, çinar, Avropa zeytunu, Eldar şamı, zeytun ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilib.

Son xəbərlər

Orphus sistemi