Salyanda üçəmlərindən ikisi ölən ana evə buraxılıb - VİDEO

Salyanda üçəmlərindən ikisi ölən ana evə buraxılıb - VİDEO "Sağ qalan körpənin vəziyyəti stabildir"
Multimedia
21 İyun , 2016 17:53
Salyanda üçəmlərindən ikisi ölən ana evə buraxılıb - VİDEO

Bakı. 21 iyun. REPORT.AZ/ Salyan rayonunda dünyaya gətirdiyi üçəmlərdən ikisi ölən ana evə buraxılıb. 

Bu barədə "Report"un Aran bürosuna Mirzabitə Abdullayevanın atası Nəcəf Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, hazırda qızının vəziyyəti normaldır: "Həkimlərin dediyinə görə, sağ qalan körpənin vəziyyəti stabildir". 

N.Abdullayev bildirib ki, ölən körpələrin meyitləri hələlik rayona gətirilməyib.

Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib.

Doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Salyan RMX-da elektrik generatoru olsa da, ancaq nasaz vəziyyətdə olduğundan işləməyib.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə "Report"a bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: "31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01:30-da sönüb. Yəni elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var".

Son xəbərlər

Orphus sistemi