​"Heydər" məscidində növbəti vəhdət namazı qılınıb, BƏƏ-nin Bakıdakı konsulu namazda iştirak edib - FOTO

​"Heydər" məscidində növbəti vəhdət namazı qılınıb, BƏƏ-nin Bakıdakı konsulu namazda iştirak edib - FOTO Sabir Həsənli: "Heydər" məscidində başlanan vəhdət namazı təlatüm yaşayan İslam dünyasına bir çağırışdır, haraydır"
Multimedia
5 Fevral , 2016 18:04
​Heydər məscidində növbəti vəhdət namazı qılınıb, BƏƏ-nin Bakıdakı konsulu namazda iştirak edib - FOTO

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün "Heydər" məscidində növbəti vəhdət namazı qılınıb.

"Report" xəbər verir ki, saat 12:00-dan başlayaraq onlarla insan cümə namazını birlikdə qılmaq üçün məscidə gəlib.

Məscidə üz tutanların arasında hər yaşdan insanlar nəzərə çarpırdı, hətta onların arasında valideynlərinin yanında namazı izləmək üçün gələn çox sayda uşaqlar da vardı. Məscidin qadınlar üçün nəzərdə tutulan zalında da dindar xanımlar vəhdət namazı qılıblar. 

Məscidin həyətində təhlükəsizlik qaydalarına ciddi əməl olunurdu və mühafizəçilər içəri daxil olanları yoxlayırdı. 

Qılınan vəhdət namazına Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandkı konsulu Abdullah əl-Şəmsi də qatılıb. 

Bu həftə insanlar məscidin şiə axundu hacı Rüfət Qarayevin rəhbərliyi ilə namaz qılıblar. 

R.Qarayev əvvəlcə əxlaq mövzusunda danışıb, Məhəmməd peyğəmbərin əxlaqının İslam ümmətinə ən böyük örnək olduğunu söyləyib. Daha sonra cümə namazı qılınıb. Hər iki təriqətdən olan insanlar öz qaydalarına uyğun namazlarını qılıb, dualarını ediblər.

"Heydər" Məscid Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli "Report"a bildirib ki, bundan əvvəl Azərbaycanda vəhdət namazına zaman-zaman cəhd olunsa da, uğurlu nəticə əldə etmək mümkün olmamışdı: "Həm şiə, həm də sünni camaatına müraciət etdik. Çox gözəl haldır ki, insanlar bizim təklifimizi müsbət qarşıladılar. Artıq bir aydır ki, cümə namazlarını "Heydər" məscidində vəhdət şəklində qılmağa başlamışıq. Avropa ölkələrinin bir çoxu Azərbaycanın multikultural və tolerant mədəniyyətini heyranlıqla etiraf edir".

Onun sözlərinə görə, "Əjdər bəy", Quba, Xaçmaz, Şəki, Göycay məscidlərində hər iki məzhəbin nümayəndələri namaza toplaşırdılar və həmin məscidlərdə namaz növbə ilə qılınırdı: "Heydər" məscidində qılınan namazın fərqi ondadır ki, hər iki məzhəbin nümayəndələri eyni sırada, eyni səfdə dayanaraq namaz qılırlar. Bu gün eyni sırada, bir imamın arxasında insanlar namaz qılırlar. Ayrıseçkilik olmasın deyə, bir cümə sünni, bir cümə şiə axundu öndə dayanır. Dindarlar bunu çox xoş qarşılayırlar".

S.Həsənli qeyd edib ki, bu gün Azərbaycanda, "Heydər" məscidində başlanan vəhdət namazı təlatüm yaşayan İslam dünyasına, qan içində olan müsəlman aləminə bir çağırışdır, haraydır: "Bu namaz İslam aləminə bir çağırışdır ki, aman günüdür ayrılmayın. Əgər Allahın yolunu tutmuşuqsa, təfriqəyə yol verməməliyik. Müsəlman ölkələrində baş verən münaqişələrin böyük əksəriyyəti məzhəb davası üzərində qurulub".

"Heydər" Məscid Kompleksi İdarəsinin sədri vurğulayıb ki, vəhdət namazına gələnlər arasında gənclər üstünlük təşkil edir.

Onun sözlərinə görə, "Heydər" məscidinə vəhdət namazına başlanılması "Multikulturalizm ili"nə bir sırada durub namaz qılan Azərbaycan dindarlarının töhfəsidir.

Namazdan sonra söhbət etdiyimiz dindarlar vəhdət namazının cəmiyyət üçün əhəmiyyətli olduğunu vurğuladılar. 

Gülxar Mehrəliyeva: "Allaha ibadət edən, fikri ibadət olan insan namaz qılmalıdır. Namazın necə, hansı şəkildə qılınmağından asılı olmayaraq Allah tərəfindən qəbul olunur. Ona görə də mən gənclərimizə tövsiyə edərdim ki, heç bir mənfi fikirlərə baxmadan öz ibadətlərini etsinlər".

Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Kifayət Rəsulova: "İnsanların bir yerdə namaz qılmasından sevinc hissi keçirirəm. Müsəlman olduğum üçün, Azərbaycanda belə gözəl məscid olduğu və nəhayət, təriqətindən asılı olmayaraq hər kəsin eyni sırada durub namaz qılmasından hədsiz sevinc hissi keçirirəm". 

Son xəbərlər

Orphus sistemi