Bakı. 23 sentyabr. REPORT.AZ/
Bəyanatda nümayəndə heyəti Azərbaycan hakimiyyətinin seçkilərlə bağlı açıq mövqedə olması və Azərbaycan tərəfinin bir çox beynəlxalq təşkilatlara qarşıdakı seçkiləri müşahidə etmək üçün dəvət göndərdiyi faktına diqqət çəkib.
MSK-da nümayəndə heyəti parlament seçkilərinin hazırıq prosesindəki müxtəlif mərhələlərlə tanış olub. MSK-nın məlumatına görə, bu vaxta kimi seçki ilə bağlı hələ heç bir şikayət daxil olmayıb.
Parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri AŞPA nümayəndə heyəti ilə görüşdə bütün namizədlər üçün, xüsusilə də imzatoplama zamanı bərabər imkanların yaradılmasının vacibliyini vurğulayıblar. Öz növbəsində, AŞPA nümayəndə heyəti seçilmək şanslarını artırmaq üçün bəzi müxalifət partiyalarının siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını alqışlayıb.
Bəyanatda nümayəndə heyəti qeyd edib ki, bütün iştirakçılar üçün söz və mətbuat azadlığının təmin olunması və seçki prosesinin tam şəffaf olması üçün bütün tərəflərə bərabər şəraitin yaradılması vacibdir.
"Azərbaycan rəsmiləri AŞPA nümayəndə heyətini əmin ediblər ki, səsvermə zamanı və səslərin hesablanması vaxtı seçki prosesinin şəffaflığını təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçiriləcək", - bəyanatda deyilir.