MSK YAP və AVP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK YAP və AVP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb Komissiyaya daxil olmuş müraciətlərə də baxılıb
Milli Məclis
2 Oktyabr , 2015 16:47
MSK YAP və AVP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. “Report”un məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyası (YAP) və Ana Vətən Partiyasının (AVP) bir neçə səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

İclasda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyini irəli sürən Novruz Cəfərli MSK-ya müraciət edib. O, müraciətində bildirib ki, Dairə Seçki Komissiyası onun namizədliyini əsassız olaraq qeydə almayıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun Dairə Seçki Komissiyasına təqdim etdiyi 548 imzadan 200-ü etibarsızdır. Buna görə də onun namizədliyi qeydə alına bilməz. MSK Novruz Cəfərlinin şikayətini təmin etməyib.

42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədliyini irəli sürən Hafiz Babalının müraciətinə də baxılıb. O bildirib ki, müvafiq Dairə Seçki Komissiyası onun namizədliyini əsassız olaraq qeydə almayıb. Bildirilib ki, H.Babalının DSK-ya təqdim etdiyi imzaların 469-u etibarlıdır, yəni imzalar Seçki Məcəlləsinə uyğun toplanılıb. MSK-nın iclasında qərara gəlinib ki, DKS-nın H.Babalı ilə bağlı çıxardığı qərar ləğv edilməli, onun namizədliyi qeydə alınmalıdır.

63 saylı Sabirabad birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Şahin Qafarov MSK-ya müraciət edərək, Dairə Seçki Komissiyasının qərarını mübahisələndirib. MSK onun şikayətini təmin etməyib.

MSK üzvü Validə Kazımova deyib ki, Ümid Partiyası tərəfindən 91 saylı Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülən Tamilla Məmmədova (Qulami) MSK-ya müraciət edib. T.Məmmədovanın müraciəti araşdırılıb, məlum olub ki, onun DSK-ya təqdim imzalar yetərli deyil, ona görə də namizədliyi qeydə alına bilməz. Müraciət əsassız elan edilib.

Son xəbərlər

Orphus sistemi