Azərbaycanda parlament seçkilərinin səsverməsi başa çatıb

Azərbaycanda parlament seçkilərinin səsverməsi başa çatıb Seçkilərin ilkin nəticələri təxminən gecə saat 12-də açıqlanacaq
Milli Məclis
1 Noyabr , 2015 19:01
Azərbaycanda parlament seçkilərinin səsverməsi başa çatıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilərin səsverməsi başa çatıb.

“Report”un məlumatına görə, səsvermə prosesi saat 19:00-da yekunlaşıb.

17:00-dək ölkə üzrə 5 milyon 198 min 658 seçicidən 50,1 faizi ( 2 605 948 nəfər) səsvermədə iştirak edib. Seçici fəallığı ilə bağlı yekun məlumatlar yaxın dəqiqələrdə açıqlanacaq.

MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərin ilkin nəticələri təxminən gecə saat 12-də açıqlanacaq.

Seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparıb. Onların bir hissəsi 15 siyasi partiyanın, “Azadlıq-2015” seçki blokunun və təşəbbüs qruplarının namizədləridir. Hakim Yeni Azərbaycan Partiyası 116 seçki dairəsindən namizəd irəli sürüb. Namizədlərin bir hissəsi isə öz təşəbbüsləri ilə seçkiyə qatılıblar.

Parlament seçkilərini izləmək üçün 66 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Bundan başqa, səsvermə prosesini 501 beynəlxalq müşahidəçi izləyib. Onlar 27 beynəlxalq təşkilatı və ölkəni təmsil edirlər.

119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Yalnız Ermənistan tərəfindən işğal edilmiş rayonları əhatə edən 6 seçki dairəsi üzrə (120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı) veb-kameralar quraşdırılmayıb.

Seçkilərdə 4 təşkilat - “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və “RƏY” Monitorinq Mərkəzi “exit-poll” keçirib.

Noyabrın 21-dək parlament seçkilərinin nəticələri yoxlanılacaq və yekun nəticələr elan olunacaq.

Son xəbərlər

Orphus sistemi