​Yunanıstanın ATC şirkəti AzərTAc-la əməkdaşlıq etmək niyyətindədir

​Yunanıstanın ATC şirkəti AzərTAc-la əməkdaşlıq etmək niyyətindədir Görüşdə tərəflər arasında əməkdaşlığın səmərəli olacağına əminlik ifadə olunub
Media
13 Noyabr , 2014 17:54
​Yunanıstanın ATC şirkəti AzərTAc-la əməkdaşlıq etmək niyyətindədir

Bakı. 13 noyabr. REPORT.AZ/ Yunanıstanın ATC şirkəti media üçün innovasiyalar sahəsində AzərTAc ilə əməkdaşlıq etmək niyyətindədir. "Report"un məlumatına görə, bununla bağlı məsələlər AzərTAc-ın baş direktoru Aslan Aslanov və ATC şirkətinin baş meneceri Yannis Kliafas arasında keçirilən görüşdə müzakirə olunub. Görüşdə qeyd edilib ki, müasir mediada baş verən sürətli dəyişikliklər ən son innovasiyaların tətbiqini zəruri edir və agentlik öz fəaliyyətində bu sahəyə böyük diqqət ayırır. 

Bildirilib ki, Azərbaycan son illər nüfuzlu beynəlxalq tədbirlərin təşkilatçısıdır və AzərTAc bu tədbirlərin işıqlandırılmasında daim fəal iştirak edir. Eyni zamanda diqqətə çatdırılıb ki, agentlik 2016-cı ildə media sahəsində iki nüfuzlu beynəlxalq tədbirə – Dünya Media Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) iclasına ev sahibliyi edəcək. Danışıqlar zamanı qeyd olunub ki, Yunanıstan şirkətinin təklif etdiyi innovasiyalar gələn il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında böyük informasiya axınının idarə olunmasında vacib rol oynaya bilər.

ATC-nin baş meneceri Y.Kliafas media üçün təklif olunan tətbiqetmələr haqqında məlumat verib. O qeyd edib ki, şirkət Avropada bir çox tanınmış informasiya agentliklərinin tərəfdaşıdır və ATC-nin təklif etdiyi innovasiyalar işin təşkili, resursların optimallaşdırılması, multimedia məhsullarının istehsalı sahəsində geniş imkanlar açır.

Görüşdə tərəflər arasında əməkdaşlığın səmərəli olacağına əminlik ifadə olunub.

Qeyd edək ki, ATC şirkəti 25 ildir hökumət strukturları, KİV, bank sahəsi üçün proqram təminatları təqdim edir. Şirkət bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilib.

Son xəbərlər

Orphus sistemi