Türkiyənin Azərbaycandakı səfirliyinin yeni müşaviri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni müşaviri Mətbuat Şurasında olub Azərbaycan onun diplomatik fəaliyyətə başladığı ilk ölkədir
Media
17 Noyabr , 2015 15:55
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni müşaviri Mətbuat Şurasında olub

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin olunan mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Azərbaycan Mətbuat Şurasında olub. Bu barədə "Report"a Şuradan məlumat verilib.

Məlumata əsasən, qonağı Şuranın sədri Əflatun Amaşov salamlayıb və ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Şuranın Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əlaqələrinin mövcudluğunu bildirən Ə.Amaşov münasibətlərin səmərəli əməkdaşlığa çevrildiyindən məmnunluğunu ifadə edib. O, birgə reallaşdırılan layihələr barədə söz açıb və bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər məhsuldar məcraya qədəm qoyub: "Türkiyə səfirliyinin mətbuat müşavirliyi ilə Mətbuat Şurasının əlaqələri sistematik xarakter daşımaqdadır. Bu baxımdan əlbəttə, mədəniyyət müşavirliyinin də özünəməxsus rolu var. Müşavirliyin xətti ilə dəfələrlə Azərbaycan jurnalistlərinin Türkiyəyə, eləcə də türkiyəli media nümayəndələrinin ölkəmizə səfərləri təşkil olunub. Bu səfərlər hər iki ölkə xalqlarının bir-birini daha yaxından tanımalarına şərait yaradıb. Ortaq dəyərlərimizlə və problemlərimizlə yaxından tanış olmaq imkanı əldə etmişik. Hesab edirəm ki, Murat bəyin təyinatı indiyədək görülmüş işləri təkcə davamlı etməyəcək, bir qədər də dərinləşdirəcək".

M.Qaraçanta Azərbaycanda məsul vəzifəyə təyinatından məmnunluq hissi keçirdiyini bildirib. Müşavirliyin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının dərinləşməsinə gələcəkdə də ciddi önəm verəcəyini diqqətə çatdıran M.Qaraçanta bu baxımdan media sahəsindəki işbirliyinin əhəmiyyətliliyini önə çəkib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, M.Qaraçanta 1959-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Əslən azərbaycanlı olan müşavir uzun müddət İzmirdə mədəniyyət və turizm sektorunda rəhbər vəzifə tutub. Azərbaycan onun diplomatik fəaliyyətə başladığı ilk ölkədir.

Son xəbərlər

Orphus sistemi