​Türkiyəli media nümayəndələri Qubada olublar

​Türkiyəli media nümayəndələri Qubada olublar Onlara Quba xalçası hədiyyə edilib
Media
15 Dekabr , 2014 15:37
​Türkiyəli media nümayəndələri Qubada olublar

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin, TRT-nin və "Anadolu" agentliyinin ölkədəki nümayəndəliklərinin təşəbbüsü ilə keçirilmiş "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransa qatılmış türkiyəli media təmsilçiləri Qubada olublar.

"Report"un xəbərinə görə, Azərbaycan Mətbuat Şurasının, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyinin və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin nümayəndələrinin qatıldıqları səfər çərçivəsində Quba Şəhər İcra Hakimiyyətində görüş keçirilib. MŞ sədri Əflatun Amaşov Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşarın, "haber7.com" saytının rəhbəri İbrahim Ərdoğanın, eləcə də digər türkiyəli media nümayəndələrinin bilik və təcrübələrinin önəmini vurğulayaraq, onların Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasına müvafiq köməklik göstərəcəklərinə əminliyini bildirib.

Quba Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rəhbərlik etdiyi bölgənin xarakterik xüsusiyyətləri barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycanın qədim diyarlarından olan Quba 1918-ci ildə erməni-daşnak qüvvələrinin törətdikləri misilsiz vandalizm aktlarının izlərini özündə yaşadan rayonlardan biridir. Bu baxımdan Qubadakı toplu məzarlıq barədə məlumat verən M.Ağayev həmçinin rayonda aparılan abadlıq və quruculuq işlərindən də söz açıb, iştirakçıların müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb. Görüşdə türkiyəli media nümayəndələrinə Quba xalçası hədiyyə olunub.

Daha sonra türkiyəli qonaqlar Qubada 1918-ci ildə ermənilərin həyata keçirdikləri soyqırımın böyük tarixi abidəsi sayılan Quba məzarlığına və Quba Soyqırımı Memorial Kompleksinə baş çəkiblər. Burada onlara erməni-daşnak qüvvələrinin ötən əsrin ikinci onilliyinə təsadüf edilən soyqırım siyasətinin mahiyyəti və miqyası barədə geniş məlumat verilib. Bildirilib ki, Quba məzarlığındakı toplu qəbirlərdəki sümüklərin ekspertizası basdırılmış insanların xüsusi amansızlıqla qətlə yetirildiyini isbatlayır.

Mövcud istiqamətdəki diskussiyalar Quba şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Türkiyəli media nümayəndələri ilə Qubada və ətraf bölgələrdə fəaliyyət göstərən KİV təmsilçilərinin burada baş tutmuş görüşündə həmçinin ortaq faciələrimizin dünya birliyinə çatdırılmasının vacibliyi əsaslandırılıb. MŞ sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Afət Həsənova, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar, "haber7.com" saytının rəhbəri İbrahim Ərdoğan və başqaları çıxışlarında bildiriblər ki, qondarma "erməni soyqırımı"nın 100 illiyinin yaxınlaşdığı hazırkı şəraitdə erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinə qarşı tutarlı adekvat addımlar atılmalıdır. Bu xüsusda "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransda Türkiyə və Azərbaycan jurnalistlərinə ünvanlanmış müraciətdən irəli gələn məsələlərə həssas yanaşılmalı, prosesə Azərbaycanın bölgə mediası tərəfindən də lazımi dəstək göstərilməlidir.

Son xəbərlər

Orphus sistemi