​Türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarına başsağlığı verib

​Türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarına başsağlığı verib Mehmet Ali Dim: "Rasim Əliyevin həyatdan köçməsinə səbəb olan hadisəni şiddətlə qınayır, basqınçıları lənətləyirik"
Media
11 Avqust , 2015 10:12
​Türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarına başsağlığı verib

Bakı. 11 avqust . REPORT.AZ/ "Türkiyədə jurnalistlərin hücuma məruz qalması kimi çirkin hadisənin Azərbyacanda da baş verməsi, heç şübhəsiz bizi də kədərləndirib".

"Report"un məlumatına görə, bunu Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini, Alanya Jurnalistlər Cəmiyyətinin sədri Mehmet Ali Dim Azərbaycan jurnalisti Rasim Əliyevin naməlum şəxslər tərəfindən döyüldükdən sonra xəstəxanada vəfat etməsi ilə bağlı verdiyi başsağlığında bildirib.

O, Azərbaycanın hüquq-mühafizə orqanlarının cinayətkarları qısa müddətdə aşkarlayaraq, məhkəməyə təhvil verəcəyinə inandığını vurğulayıb: "Həmkarımızın həyatdan köçməsinə səbəb olan hadisəni şiddətlə qınayır, basqınçıları lənətləyirik. Mərhum Rasim Əliyevə Allahdan rəhmət, yaxınlarına və azərbaycanlı həmkarlarımıza səbr diləyirik".

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Prezident İlham Əliyev jurnalistin vəfatından ciddi narahat olub və məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürüb.

Son xəbərlər

Orphus sistemi