​SOCAR haqqında təsdiqlənməmiş xəbər yazan media orqanını məhkəmədə udub

​SOCAR haqqında təsdiqlənməmiş xəbər yazan media orqanını məhkəmədə udub Şirkətin işgüzar nüfuzuna vurulmuş ziyanın maddi kompensasiyası olaraq onlardan 2000 manat məbləğində pul tutulması qərara alınıb
Media
6 Avqust , 2015 17:05
​SOCAR haqqında təsdiqlənməmiş xəbər yazan media orqanını məhkəmədə udub

Bakı. 6 avqust. REPORT.AZ/ Uzun müddət müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işgüzar nüfuzuna, beynəlxalq aləmdə qazandığı müsbət imicinə xələl gətirmək məqsədi ilə “Yeni Çağ” qəzetinin redaksiyası və onun baş redaktoru Aqil Ələskər (Fərəcov Aqil Ələskər oğlu) tərəfindən yayılmış çoxsaylı məlumatların həqiqətə uyğun olmadığı artıq məhkəmədə də təsdiqini tapıb. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, bu günlərdə SOCAR-ın müraciətinə əsasən, Səbail rayon məhkəməsində “Yeni Çağ” qəzetinin redaksiyası və Aqil Ələskər tərəfindən həm yerli, həm də xarici KİV-lərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti əleyhinə yayımlanmış 10-dan artıq böhtan xarakterli məlumatın, habelə Türkiyə Respublikasında fəaliyyət göstərən iki telekanala müsahibədə səsləndirilmiş qərəzli və əsassız ittihamların təkzib edilməsi, cavabdehlərin şirkətdən üzr istəmələri və şirkətin işgüzar nüfuzuna dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə qaldırılmış məhkəmə iddiasına baxılıb: 

"Məhkəmə araşdırması nəticəsində cavabdehlər (“Yeni Çağ” qəzetinin redaksiyası və A.Ələskər) tərəfindən yayılmış həmin məlumat və ittihamların həqiqətə uyğun olmadığı müəyyən edilib, onları dərc etmiş kütləvi informasiya vasitələrində, o cümlədən, Türkiyə Respublikasının “Ulusal Kanal” və “A Haber” televiziya kanallarında təkzib verilməsi, cavabdehlərin həmin KİV-lərdə SOCAR-dan üzr istəmələri və şirkətin işgüzar nüfuzuna vurulmuş ziyanın maddi kompensasiyası olaraq onlardan 2000 manat məbləğində pul tutulması qərara alınıb". 

"SOCAR hazırda Azərbaycanın və bütövlükdə regionun ən böyük və nüfuzlu şirkətlərindən biridir, müxtəlif xarici ölkələrdə iri maliyyə tutumlu, mühüm əhəmiyyətə malik sərmayə layihələri həyata keçirir və şirkətin uğurlu fəaliyyəti beynəlxalq miqyasda ona dərin rəğbət qazandırıb. Bu gün beynəlxalq neft-qaz bazarında, nüfuzlu maliyyə institutlarında SOCAR-a böyük etimad göstərilir. Biz şirkətimizin işgüzar imicini yüksək tuturuq və ona ziyan vuran bu cür qərəzli informasiya kampaniyalarına qarşı hüquqi müstəvidə müvafiq tədbirlər həyata keçiririk. SOCAR tənqid üçün açıq, KİV və media orqanları ilə səmimi işgüzar münasibətlərə malik bir şirkət kimi mübahisəli məsələlərin həllində “KİV haqqında" Azərbaycan Respublikasının Qanununa, digər hüquqi normalara və jurnalistlərin peşə etikasına əsaslanır. Bu səbəbdən bir daha bəyan edirik ki, gələcəkdə də SOCAR haqqında bu kimi yoxlanılmamış, faktlarla təsdiq edilməmiş, reallığa və həqiqətə uyğun olmayan məlumatlar yaymağa göstərilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq, qanuna müvafiq adekvat tədbirlər görüləcək", - bəyanatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi