Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti jurnalistlər arasında atıcılıq turniri keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti jurnalistlər arasında atıcılıq turniri keçirib “Report” informasiya agentliyinin komandası dördüncü yerə çıxıb
Media
2 May , 2015 14:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti jurnalistlər arasında atıcılıq turniri keçirib

“Report” informasiya agentliyinin komandası dördüncü yerə çıxıb

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən II atıcılıq turnirinə start verib. “Report”un xəbərinə görə, SHXÇDX rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev turnirin açılış mərasimində deyib ki, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır: “Media Silahlı Qüvvələrin artan qüdrətini dünyaya, ilk növbədə düşmənə çatdırmalıdır”.

Z.Abdullayev xatırladıb ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə jurnalistlərdən də şəhidlik zirvəsinə ucalanlar var.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən yarışda 3 nəfərdən təşkil olunan KİV nümayəndələrindən ibarət komandalar iştirak ediblər. Yarışa ümumilikdə 21 KİV qatılıb.

Yarışın yekununa əsasən, I yeri “Hərbi and” qəzeti, II yeri “Trend” İnformasiya Agentliyi, III yeri APA TV-nin əməkdaşlarından ibarət komandalar tutub. “Report” informasiya agentliyinin komandası digər iki KİV-lə birgə dördüncü yerə çıxıb.

Turnirin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi